Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Sosial və xüsusi fənlər kafedrasının təşkilatçılığı ilə “BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) – qlobal şəhərsalma prosesləri kontekstində” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masanın əsas məqsədi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) qlobal şəhərsalma proseslərində oynadığı rolu, və cari ildə Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulamaq,  eyni zamanda Azərbaycanın şəhərsalma sahəsində tətbiq etdiyi müasir yanaşmaları və prioritet istiqamətləri işıqlandırmaqdan ibarət oldu.

Dəyirmi masanın mövzusu ilə əlaqədar çıxış edən filialın direktoru, dosent Tünzalə Yusifova qeyd etdi ki, cənab Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və memarlıq ili” elan olunması ölkəmizdə bu sahəyə verilən xüsusi diqqətin və strateji əhəmiyyətin bariz göstəricisidir. Çıxışında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun bu baxımdan əhəmiyyətinə toxunan Tünzalə xanım Forumun ölkələr arasında təcrübə mübadiləsinin aparılması, aktual problemlərin müzakirəsi və yeni yanaşmaların təşviqi üçün mühüm platforma olduğunu vurğuladı. O, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan genişmiqyaslı quruculuq və şəhərsalma işlərinə toxunaraq Qarabağda həyata keçirilən layihələrin milli memarlıq ənənələri ilə müasir innovasiyaların vəhdətini əks etdirdiyini xüsusi vurğuladı. Qeyd olundu ki, Tədbirlər planına uyğun olaraq il ərzində filialda  bu kimi mövzulara həsr olunmuş bir çox tədbirlər keçiriləcəkdir.

Sosial və xüsusi fənlər kafedrasının baş müəllimi Abdullayev Babək “Qlobal nüfuz və yüksək etimad” mövzusunda məruzə ilə çıxış edərək, beynəlxalq platformalarda ölkələrin şəhərsalma sahəsində əldə etdikləri nailiyyətlərin qlobal etimad mühitinin formalaşmasında rolunu təhlil etdi. Kafedranın baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Mikayılov Şasəddin azad edilmiş ərazilərdə aparılan şəhərsalma və quruculuq işlərinə həsr olunmuş çıxışında həmin ərazilərdə müasir şəhərsalma konsepsiyalarının tətbiqi, sosial infrastrukturun formalaşdırılması barədə ətraflı məlumat verdi. Kafedranın baş müəllimi Qasımova Yaqut isə “Müasir şəhərsalmanın əsas prinsipləri” mövzusunda çıxış edərək, funksional planlaşdırma, ekoloji tarazlıq və insan yönümlü şəhər mühitinin yaradılmasının əhəmiyyətini vurğuladı.

Tədbirin sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, tələbələri maraqlandıran suallar  müzakirə olundu.