ADPU-nun Şamaxı filialında şəhid məzun Orxan Nəbiyevin doğum günü münasibətilə anım tədbirləri keçirilib. İlk olaraq, şəhid məzun Orxan Nəbiyevin doğulduğu rayonun Qurdtəpə kəndində yerləşən məzarı ziyarət olunub, xatirəsi ehtiramla yad edilib, məzar önünə gül dəstələri qoyulub. Ziyarət zamanı ADPU-nun Şamaxı filialının kollektivi və şəhidin valideynləri Orxan Nəbiyevlə bağlı xatirələrini qürur hissi ilə bölüşüblər.

Ziyarət zamanı filialın direktoru, dosent Tünzalə Yusifova çıxış edərək bildirib ki, Orxan Nəbiyev təkcə ailəsinin deyil, həm də ADPU-nun Şamaxı filialının fəxri, Vətən uğrunda canından keçmiş qəhrəman məzunlardan biridir. Direktor vurğulayıb ki, Orxan Nəbiyevin həyat yolu, vətənə olan sonsuz sevgisi və fədakarlığı gənc nəsil üçün örnəkdir. Dosent Tünzalə Yusifova qeyd edib ki, şəhidlərin xatirəsinin daim uca tutulması, onların adlarının yaşadılması təhsil müəssisələrinin üzərinə düşən ən mühüm mənəvi vəzifələrdəndir.

Daha sonra ADPU-nun Şamaxı filialının “Kitabxana və elektron resurslar şöbəsi”ndə şəhid məzun Orxan Nəbiyevin doğum gününə həsr olunmuş “Vətən sevgisi ilə yazılan ömür: Orxan Nəbiyev” adlı anım tədbiri keçirilib. Tədbir şəhidin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə filialın “Sosial və humanitar məsələlər” üzrə direktor müavini, p.f.d. Şəlalə Seyidova çıxış edərək şəhidin şücaətindən, mərdliyindən danışıb, bu kimi tədbirlərin milli-mənəvi dəyərlərin və vətənpərvərlik ruhunun gənclər arasında təbliği baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.

“Kitabxana və elektron resurslar şöbəsi”nin müdiri Vəsilə Razimi Təranə Məftunun şəhid məzun Orxan Nəbiyevin xatirəsinə həsr olunmuş “Qorxmaz leytenant” adlı kitabından şəhid haqqında yazılmış xatirələri və fikirləri tədbir iştirakçılarına çatdıraraq nəşrin yüksək mənəvi dəyərindən bəhs edib. Daha sonra şəhid Orxan Nəbiyevin özünün vətənpərvərlik ruhunda qələmə aldığı iki şeir səsləndirilib.

Tədbir zamanı tələbələr çıxış edərək şəhid Orxan Nəbiyevin qəhrəmanlıq yolunun gənc nəslə aşıladığı vətən sevgisi, fədakarlıq və cəsarət ruhu barədə fikirlərini bölüşüblər.

Tədbirin sonunda filialın həyətində şəhid məzunların əziz xatirəsinə ucaldılmış abidə ziyarət olunub, abidə önünə güllər qoyularaq şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib.

Vətənin bütövlüyü və müstəqilliyi uğrunda canından keçən bütün şəhidlərimizə Allah rəhmət eləsin!