Pedaqogika və psixologiya kafedrası

                                                                                           Əliyev Amid Məhəmməd oğlu

                                                                                           amidelisoy@gmail.com

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin milli maraqlara əsaslanan siyasət yürütməsi, beynəlxalq hüquqla güc balansı arasındakı ziddiyyətlər və regional təhlükəsizlik məsələləri xüsusi aktuallıq kəsb edir. Prezident İlham Əliyevin 20 yanvar 2026-cı ildə Davosda “Euronews” televiziyasına verdiyi müsahibə bu baxımdan Azərbaycanın xarici siyasət strategiyasının elmi təhlili üçün mühüm mənbə kimi çıxış edir.

Prezident İlham Əliyevin fikirlərinə əsasən, Azərbaycanın strateji məqsədi milli maraqlar çərçivəsində nəticələr əldə etməkdən ibarət olmuşdur. Dövlət tərəfindən həyata keçirilən siyasi, diplomatik və təhlükəsizlik tədbirləri beynəlxalq hüququn prinsiplərinə tam uyğun şəkildə reallaşdırılmışdır. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası prosesinin beynəlxalq norma və ümumbəşəri dəyərlərlə uzlaşdığı xüsusi vurğulanmışdır.

Müsahibədə beynəlxalq münasibətlərin yeni mərhələyə qədəm qoyduğu qeyd olunmuş, mövcud mərhələnin hüququn aliliyi deyil, güc amili üzərində formalaşdığı elmi-siyasi tezis kimi irəli sürülmüşdür. Bu şəraitdə hər bir dövlətin öz siyasətini potensial imkanlarına uyğunlaşdırmasının zəruri olduğu əsaslandırılmışdır.

Prezident tərəfindən Cənubi Qafqazda sülhün təmin edilməsinin uzunmüddətli münaqişələrdən sonra əldə olunmuş tarixi nailiyyət olduğu bildirilmişdir. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin münaqişə mərhələsindən əməkdaşlıq mərhələsinə keçdiyi qeyd edilmişdir. Ermənistan ərazisinə yüklərin daşınması ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması və enerji təchizatının təmin olunması regional iqtisadi inteqrasiyanın nümunəsi kimi dəyərləndirilmişdir.

Bu proseslərin nəticə etibarilə hər iki tərəf üçün qarşılıqlı fayda yaratdığı və vətəndaş cəmiyyətlərinin birgə səyləri ilə regionda dayanıqlı və davamlı sülhün mümkün olduğu elmi qənaət kimi təqdim edilmişdir.

Müsahibədə vurğulanmışdır ki, dövlətlərin sərhədləri boyunca sabitliyin təmin olunması milli təhlükəsizliyin əsas şərtidir. Azərbaycan daxilində daxili risklərin mövcud olmadığı, potensial təhlükələrin əsasən regional proseslərlə əlaqəli olduğu göstərilmişdir. Xüsusilə regionda, o cümlədən İranda müşahidə edilən qeyri-sabitlik hallarının narahatlıq doğurduğu bildirilmişdir.

Prezidentin yanaşmasına görə, sülh və sabitlik istənilən ölkənin sosial-iqtisadi inkişafının əsas şərti kimi çıxış edir. Müharibə təcrübəsi yaşamış ölkə üçün bu amilin strateji əhəmiyyət daşıdığı elmi arqument kimi əsaslandırılmışdır.

Enerji bazarları ilə bağlı məsələlərə toxunan Prezident İlham Əliyev neft qiymətlərinin sabitliyinin həm hasilatçı, həm də istehlakçı ölkələr üçün proqnozlaşdırma imkanları yaratdığını bildirmişdir. Azərbaycanın enerji siyasətinin regional və qlobal sabitliyə töhfə verdiyi qeyd olunmuşdur.

Hazırda Azərbaycanın 16 ölkəyə təbii qaz ixrac etdiyi, onların 10-nun Avropa İttifaqına üzv olduğu göstərilmişdir. Boru kəməri qazının coğrafi əhatəsinə görə Azərbaycanın dünyada aparıcı mövqedə olduğu faktoloji əsaslarla vurğulanmışdır.

Prezident müsahibəsində Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığın dayandırılmasının səbəblərini izah etmişdir. Azərbaycanın müstəqil siyasət yürütməsinin müəyyən lobbi qrupları tərəfindən qərəzli yanaşmalarla qarşılandığı qeyd edilmişdir.

Avropa Komissiyası ilə əməkdaşlığın davam etdirildiyi, bunun isə praqmatik siyasi yanaşmanın göstəricisi olduğu elmi mövqe kimi təqdim edilmişdir. Avropa Parlamentinin Azərbaycanla bağlı mövqeyinin ziddiyyətli olduğu və sülh prosesinə uyğun gəlmədiyi arqumentləşdirilmişdir.

Nəticə

Təhlil göstərir ki, Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində tutduğu mövqeni, regional sülhə verdiyi töhfəni və enerji təhlükəsizliyi sahəsindəki strateji rolunu elmi əsaslarla əks etdirir. Müsahibə milli maraqlar, beynəlxalq hüquq və real siyasət arasında tarazlığın qorunmasının Azərbaycan modeli kimi təqdim olunmasına imkan yaradır.