Müəllif: Sosial və xüsusi fənlər kafedrasının baş müəllimi Babək Abdullayev
1990-cı il Yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, erməni separatizminin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törədib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. Tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdi. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00:00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakıya daxil olması xüsusi qəddarlıqla müşayiət olunmuşdu. Fövqəladə vəziyyətin tətbiqindən öncə hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Həmin gün azadlığı və müstəqilliyi uğrunda dinc mübarizə aparan Azərbaycan xalqının inam və iradəsini qırmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri baş verdi.
O gecə baş verənlər təkcə fiziki itkilərlə ölçülmür. İnsanların həyatına son qoyulması, yüzlərlə yaralının olması, qanunsuz həbslər, evlərə və mülki nəqliyyata atəş açılması – bunların hamısı totalitar sistemin öz vətəndaşına hansı gözdə baxdığını göstərən acı mənzərə idi. Ancaq faciənin daha ağır tərəfi o idi ki, bu zorakılıq qorxu yaratmaq, milli azadlıq hərəkatını sındırmaq, cəmiyyətin ruhunu əzmək məqsədi daşıyırdı. Lakin nəticə əksinə oldu: xalqın iradəsi daha da bərkidi. 20 Yanvarın mənası zaman keçdikcə daha aydın görünür. Hadisə göstərdi ki, milli kimlik təkcə dil, mədəniyyət və tarixlə formalaşmır; zərurət yarananda ləyaqəti qorumaq üçün ödəniş verməyə hazır olmaqla da möhkəmlənir. O gecə küçələrə çıxan, yaralılara kömək edən, qorxunu üstələyən insanlar bir xalqın “mən varam” deməsinin canlı ifadəsinə çevrildi. Buna görə də 20 Yanvar təkcə faciə kimi xatırlanmamalıdır; o, milli dirənişin və həmrəyliyin simvolu kimi də dərk edilməlidir. Faciədən sonra cəmiyyətin reaksiyası da ayrıca bir tarixdir. Şəhidlərin dəfni ilə bağlı keçirilən izdihamlı matəm yürüşü, insanların milyonlarla bir-birinə dayaq olması, şəhərin yas içində olsa da sınmaması – bunlar tarixə bir xalqın ləyaqət yürüşü kimi düşdü. Sükutun içində də bir mesaj var idi: “Biz qorxmayacağıq.” Bu mesaj sonralar müstəqillik ideyasını daha da real, daha da dönməz etdi. Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. 20 Yanvar tarixi həm də öz azadlığı uğrunda mübarizəyə qalxmış xalqın mənəvi qələbəsi, milli qürur hissinin təntənəsi günü idi. 20 Yanvar gününü Azərbaycan xalqının tarixinin faciəli, kədərli, həmçinin qəhrəmanlıq, rəşadət səhifəsi kimi səciyyələndirən Ümummilli Lider Heydər Əliyev bu çağırışı da etmişdir ki, biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərindən dərk edəcəyik. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub. O ağır və faciəli günlərdə Azərbaycan xalqına qarşı kütləvi qətliam aktının həyata keçirildiyini ilk olaraq qətiyyətlə və cəsarətlə bütün dünyaya bəyan edən Ümummilli Lider Heydər Əliyev oldu. Dahi şəxsiyyət Heydər Əliyev faciənin ertəsi günü, yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi. 20 Yanvar faciəsinə siyasi qiymət verdi, bu faciənin hüquqa, demokratiyaya, humanizmə zidd, mərkəzin və ozamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. Ulu Öndər faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Ümummilli Lider Heydər Əliyev təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin Azərbaycan xalqının başına gətirdiyi qanlı faciəyəyə ilk siyasi-hüquqi qiymətini verdi. O, atdığı bu addımı belə səciyyələndirmişdi: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”. Bu tarixi çıxışın mətni Kremlin kəskin informasiya blokadası siyasətinə baxmayaraq, bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş əks-səda doğurdu. Azərbaycan xalqının qəlbində ümid çırağı yandı.
1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Ulu Öndər Heydər Əliyevin qətiyyətinin təzahürü kimi tarixə düşdü. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindən tələb edilirdi.
Bu gün – 20 Yanvarın 36-cı ildönümündə – şəhidlərin xatirəsini anmaq sadəcə mərasim deyil. Bu, milli yaddaşı diri saxlamaq, azadlığın dəyərini gündəlik həyatın içində unutmamaq, cəmiyyətin birliyini möhkəmləndirməkdir. Hər il Şəhidlər Xiyabanına aparılan qərənfillər təkcə hüznün simvolu deyil; o qərənfillər bir vədin ifadəsidir: “Sənin canın bahasına qazandığımız dəyərləri qoruyacağıq.” 20 Yanvar bizə bir həqiqəti təkrar-təkrar xatırladır: müstəqillik birdən-birə gələn hədiyyə deyil, ağır bədəllə qazanılan məsuliyyətdir. Şəhidlərin adı isə bu məsuliyyətin ən uca xatırladıcısıdır. Onların xatirəsi qarşısında ən böyük ehtiram – həqiqəti yaşatmaq, ədaləti müdafiə etmək və Vətənin sabahını daha güclü qurmaqdır.
