Müəllif: Sosial və xüsusi fənlər kafedrasının
müdiri b.f.d. Təranə Əkbəri
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirə, əslində, son iyirmi il ərzində Azərbaycanda formalaşdırılmış infrastruktur siyasətinin məntiqi yekunu və eyni zamanda yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Prezidentin çıxışı yalnız konkret proqramın təqdimatı ilə məhdudlaşmır, bütövlükdə ölkənin enerji, nəqliyyat və su təhlükəsizliyi sahəsində həyata keçirilən ardıcıl dövlət siyasətinin konseptual çərçivəsini ortaya qoyur.
Dövlət başçısının çıxışında əsas xətt ondan ibarətdir ki, Azərbaycanda infrastrukturun inkişafı təsadüfi və epizodik tədbirlər deyil, uzunmüddətli planlaşdırmaya əsaslanan, mərhələli şəkildə icra edilən institusional islahatlar nəticəsində mümkün olmuşdur. Son iyirmi il ərzində qəbul edilən regional inkişaf proqramları bu baxımdan həlledici rol oynamış, ölkənin həm paytaxtında, həm də bölgələrində əsas infrastruktur problemlərinin sistemli şəkildə aradan qaldırılmasına şərait yaratmışdır.
Prezident İlham Əliyev çıxışında enerji sektorunu bu transformasiyanın ən uğurlu nümunələrindən biri kimi təqdim edir. Vaxtilə ciddi enerji qıtlığı ilə üzləşən, hətta elektrik enerjisini idxal etməyə məcbur qalan Azərbaycan bu gün artıq daxili tələbatı tam ödəməklə yanaşı, elektrik enerjisini ixrac edən ölkəyə çevrilmişdir. Dövlət başçısının fikirlərinin təhlili göstərir ki, burada əsas məsələ təkcə generasiya güclərinin artırılması deyil, eyni zamanda enerji sisteminin bütöv bir mexanizm kimi yenidən qurulmasıdır. Yarımstansiyaların modernləşdirilməsi, ötürücü xətlərin çəkilməsi, paylayıcı şəbəkələrin vahid sistem halına salınması nəticəsində enerji sahəsində mövcud olmuş struktur qüsurlar aradan qaldırılmışdır. Bu gün Azərbaycanın generasiya güclərinin təxminən 10 min meqavata çatması Prezidentin uzunmüddətli enerji strategiyasının real nəticəsidir.
Prezidentin çıxışında mühüm yer tutan digər məsələ qazlaşma siyasətidir. Əhalinin 96 faizinin təbii qazla təmin olunması sosial rifah göstəricisi olmaqla yanaşı, dövlətin enerji təhlükəsizliyi konsepsiyasının mühüm tərkib hissəsidir. Dövlət başçısının fikirlərindən aydın olur ki, qaz sektorunda əldə olunan nəticələr yalnız daxili tələbatın ödənilməsi ilə məhdudlaşmır. Bu gün Azərbaycanın təbii qazı onlarla ölkənin enerji balansında mühüm yer tutur və bu fakt Prezident İlham Əliyevin enerji diplomatiyasının uğurlu nəticəsi kimi çıxış edir.
Çıxışda nəqliyyat və yol infrastrukturu məsələləri də geniş kontekstdə izah edilir. Magistral yolların, kənd və şəhərlərarası yolların tikintisi, xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan infrastruktur quruculuğu Prezidentin ərazi bütövlüyünün yalnız siyasi deyil, həm də iqtisadi və sosial məzmunla möhkəmləndirilməsi strategiyasının tərkib hissəsidir. Elektrik enerjisi, qaz, su, yollar və digər infrastruktur elementlərinin vahid şəbəkəyə qoşulması bu ərazilərin ölkənin ümumi inkişaf modelinə inteqrasiyasını təmin edir.
Prezident İlham Əliyevin çıxışında su ehtiyatlarının idarə olunması məsələsi xüsusi strateji əhəmiyyət daşıyır. Dövlət başçısı son iyirmi ildə dörd böyük su anbarının inşa edilməsini Azərbaycanın su təhlükəsizliyinin əsas dayaqlarından biri kimi qiymətləndirir. Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisi, Ceyranbatan su anbarının yenidən qurulması Bakı və ölkənin bir sıra regionlarının su təminatında həlledici rol oynamışdır. Prezidentin fikirlərinin məzmunu göstərir ki, bu layihələr həyata keçirilməsəydi, hazırkı mərhələdə su təchizatı ilə bağlı ciddi problemlər qaçılmaz olardı.
Dövlət başçısı çıxışında Ermənistanın işğal dövründə Azərbaycana qarşı həyata keçirdiyi su siyasətini açıq şəkildə su terroru kimi xarakterizə edir. “Sərsəng” və “Suqovuşan” su anbarlarından sudan təzyiq aləti kimi istifadə edilməsi kənd təsərrüfatına, əhalinin yaşayış şəraitinə və ekoloji tarazlığa ciddi zərbə vurmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ərazilərin azad olunmasından sonra su anbarlarının bərpası Azərbaycanın suverenliyinin yalnız siyasi deyil, ekoloji və resurs müstəvisində də bərpa edildiyini göstərir. Füzuli, Ağdam, Laçın rayonlarında həyata keçirilən su layihələri regionun davamlı inkişafı üçün əsaslı zəmin yaradır.
Çıxışda su mənbələrinin coğrafiyası və iqlim dəyişikliyi məsələləri də elmi baxımdan əhəmiyyətli yanaşma ilə təqdim olunur. Prezidentin fikirlərindən aydın olur ki, Azərbaycanın su ehtiyatlarının mühüm hissəsinin xaricdə formalaşması su təhlükəsizliyi məsələsini daha da həssas edir. Məhz bu səbəbdən işğaldan azad edilmiş ərazilərdə formalaşan daxili su mənbələrinin nəzarətə götürülməsi strateji əhəmiyyət daşıyır.
2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı Prezident İlham Əliyevin bu sahədə formalaşdırdığı uzunmüddətli baxışın konkret institusional ifadəsidir. Proqram Bakı şəhəri, Abşeron yarımadası və Sumqayıtı əhatə etməklə dayanıqlı içməli su təminatını, su itkilərinin azaldılmasını, sayğaclaşdırmanın tam təmin olunmasını, kanalizasiya və yağış sularının idarə edilməsini qarşıya məqsəd qoyur. Xüsusilə 30-a yaxın yeni su anbarının tikilməsi, SCADA və IoT sistemlərinin tətbiqi su sektorunun müasir idarəetmə modelinə keçidini göstərir.
Dövlət Proqramının əhatə dairəsi Prezident İlham Əliyevin çıxışında konkret şəkildə müəyyən edilir və bu çərçivə Bakı şəhərini, paytaxtın qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edir. Dövlət başçısının çıxışının məzmunu göstərir ki, Bakı və Abşeron yarımadasında içməli su təminatı uzun illər ərzində struktur xarakterli problem olaraq qalmaqda davam etmişdir. Müxtəlif mərhələlərdə bu istiqamətdə müəyyən tədbirlər görülsə də, mövcud vəziyyətin tam və dayanıqlı həllinin yalnız kompleks və genişmiqyaslı dövlət proqramı vasitəsilə mümkün olduğu qənaətinə gəlinmişdir. Məhz bu zərurətdən irəli gələrək Prezidentin birbaşa siyasi iradəsi və göstərişi ilə proqramın hazırlanması prosesinə başlanılmışdır.
Prezident İlham Əliyevin çıxışında proqramın əsas məqsədi aydın şəkildə formulə edilir: Bakı şəhəri və Abşeron yarımadasının uzunmüddətli, fasiləsiz və dayanıqlı içməli su ilə təmin olunması. Proqramın 2035-ci ilə qədər olan dövrü əhatə etməsi onun miqyasını və mürəkkəbliyini əyani şəkildə göstərir. Dövlət başçısının yanaşmasına görə, bu cür iri infrastruktur layihələrinin icrası üçün kifayət qədər zaman amili zəruridir; lakin bu, prosesdə gecikmələrə yol verilməsi anlamına gəlmir. Proqramın mərhələli icrası həm vaxt baxımından realist, həm də nəticəyönümlü planlaşdırma modelini əks etdirir.
Maliyyələşmə mexanizmləri də Prezidentin çıxışında ayrıca izah edilir və bu məsələ dövlətin makroiqtisadi idarəetmə qabiliyyətinin göstəricisi kimi təqdim olunur. Proqramın həm dövlət büdcəsi, həm də xarici kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Dövlət başçısının vurğuladığı kimi, son illər ərzində həyata keçirilən maliyyə və fiskal islahatlar Azərbaycanın xarici borc yükünü əhəmiyyətli dərəcədə azaltmağa imkan vermişdir. Hazırda xarici borcun ümumi daxili məhsula nisbətinin təxminən 6 faiz səviyyəsində olması Azərbaycanın dünya miqyasında ən aşağı borclanma göstəricilərinə malik ölkələr sırasında yer almasına şərait yaradır. Bu göstərici ölkəyə iri infrastruktur layihələrinin icrası üçün xarici maliyyə resurslarından təhlükəsiz və məqsədyönlü şəkildə istifadə etmək imkanı verir. Xüsusilə aparıcı beynəlxalq maliyyə institutlarının Azərbaycanla əməkdaşlığa maraq göstərməsi Prezidentin iqtisadi siyasətinə olan etimadın göstəricisi kimi çıxış edir.
Proqramın institusional mexanizmləri də Prezident İlham Əliyevin çıxışında ətraflı şəkildə şərh olunur. Dövlət başçısının mövqeyinə əsasən, proqram konkret hədəflər və ölçülə bilən vəzifələr əsasında hazırlanmışdır və onun icrasına çoxpilləli nəzarət sistemi tətbiq olunacaq. Bu nəzarət həm icraedici hakimiyyət orqanları, həm də Prezident Administrasiyası tərəfindən həyata keçiriləcək. Bununla yanaşı, ictimai nəzarətin təmin olunması proqramın şəffaflığını və hesabatlılığını artıran əsas amillərdən biri kimi dəyərləndirilir.
Prezidentin yanaşmasına görə, proqramın icrası prosesinin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması xüsusi əhəmiyyət daşıyır. Bu, vətəndaşların, xüsusilə Bakı və Abşeron yarımadasında yaşayan əhalinin görülən işlər barədə operativ və dolğun məlumatlandırılmasını təmin etməklə yanaşı, icra prosesində məsuliyyətin və intizamın qorunmasına xidmət edir. Dövlət başçısının çıxışında vurğulanan əsas prinsip ondan ibarətdir ki, proqramın icrası üçün kifayət qədər zaman müəyyən edilsə də, heç bir mərhələdə yubanmaya yol verilməməli, bütün işlər keyfiyyət və səmərəlilik meyarları əsasında həyata keçirilməlidir.
Dövlət Proqramının əsas struktur elementlərindən biri su ehtiyatlarının artırılması və onların idarə edilməsində institusional səmərəliliyin yüksəldilməsidir. Prezident İlham Əliyevin çıxışının məzmunundan aydın olur ki, proqram çərçivəsində təxminən 30 yeni su anbarının inşası nəzərdə tutulur ki, bu da miqyasına görə ölkənin su təsərrüfatı tarixində ən geniş infrastruktur təşəbbüslərindən biridir. Dövlət başçısı bu layihələrin maliyyələşdirilməsinə yanaşmanı izah edərkən vurğulayır ki, proqramın icrası yalnız daxili maliyyə imkanları hesabına mümkün olsa da, ölkə qarşısında eyni zamanda Qarabağ və Şərqi Zəngəzurun bərpası, müdafiə potensialının gücləndirilməsi və sosial yönümlü layihələrin həyata keçirilməsi kimi strateji vəzifələr mövcuddur. Məhz bu kontekstdə proqramın həm dövlət büdcəsi, həm də xarici maliyyə mənbələri hesabına icrası daha rasional və balanslaşdırılmış yanaşma kimi təqdim olunur.
Prezidentin çıxışında yeni su anbarlarının tikintisi ilə yanaşı, su təsərrüfatının idarə olunmasında hesabatlılıq və nəzarət mexanizmlərinin gücləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilir. Xüsusilə sayğaclaşdırmanın tam təmin olunması – yəni 100 faizə çatdırılması – su resurslarının səmərəli istifadəsi baxımından fundamental əhəmiyyət daşıyır. Dövlət başçısının təqdim etdiyi məlumatlara əsasən, hazırda fasiləsiz içməli su ilə təmin olunan əhalinin payı təqribən 70 faiz təşkil edir. Dövlət Proqramının icrası nəticəsində bu göstəricinin 95 faizə çatdırılması planlaşdırılır ki, bu da Bakı şəhəri, Sumqayıt şəhəri, Abşeron rayonu və ümumilikdə 64 yaşayış məntəqəsində su təchizatının keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi deməkdir.
Proqram çərçivəsində 200 kilometrdən artıq magistral su kanallarının və eyni həcmdə paylayıcı şəbəkələrin tikilməsi və ya əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulur. Bu tədbirlər suyun mənbədən istehlakçıya qədər olan yolunda texniki itkilərin azaldılmasına, eyni zamanda su təchizatının dayanıqlığının təmin edilməsinə xidmət edir. Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət yetirilən məsələlərdən biri də mövcud sistemdəki yüksək itki göstəriciləridir. Dövlət başçısının fikirlərinə görə, əgər bu itkilər indiki səviyyədə olmasaydı, mövcud su ehtiyatları hazırkı mərhələdə ölkənin tələbatını böyük ölçüdə ödəyə bilərdi.
Prezidentin yanaşması göstərir ki, su itkilərinin azaldılması təkcə cari problemlərin həlli ilə məhdudlaşmır, eyni zamanda gələcək inkişaf perspektivlərinin nəzərə alınmasını tələb edir. Əhalinin artımı, sənayenin genişlənməsi və kənd təsərrüfatında suya olan tələbatın yüksəlməsi fonunda su resurslarının səmərəli idarə olunması strateji zərurətə çevrilir. Hazırda su təsərrüfatı sistemində itkilərin 40–45 faiz səviyyəsində olması Prezident tərəfindən ciddi problem kimi qiymətləndirilir və Dövlət Proqramının icrası nəticəsində bu göstəricinin kəskin şəkildə azaldılması əsas hədəflərdən biri kimi müəyyən edilir.
Prezidentin çıxışında duzsuzlaşdırma zavodunun inşası xüsusi yenilik kimi təqdim olunur. Bu layihə Abşeron yarımadasının su təminatının şaxələndirilməsi baxımından strateji əhəmiyyət daşıyır və Prezident İlham Əliyevin qeyri-ənənəvi, innovativ həllərə açıq siyasətinin göstəricisidir. Samur-Abşeron kanalının, Oğuz-Qəbələ-Bakı su kəmərinin yenidən qurulması ilə birlikdə bu layihə Bakının su təhlükəsizliyini çoxmənbəli sistemə çevirir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin çıxışı bir proqram sənədinin təqdimatı deyil, Azərbaycanın infrastruktur və su siyasətinin elmi əsaslandırılmış konseptual izahıdır. Bu çıxış dövlət başçısının strateji düşüncə tərzini, resurslara milli təhlükəsizlik prizmasından yanaşmasını və uzunmüddətli dayanıqlı inkişaf modelini aydın şəkildə ortaya qoyur. Dövlət Proqramı isə bu baxışın praktik və institusional davamı kimi qiymətləndirilməlidir.
