Müəllif: Pedaqogika və psixologiya kafedrasınınm
müəllimi Həmidə İsgəndərova
Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin son illərdə keçdiyi inkişaf yolunu, əldə olunan mühüm nailiyyətləri və gələcək strateji hədəfləri əhatəli şəkildə əks etdirir. Prezidentin vurğuladığı kimi, 2025-ci il Azərbaycan üçün təkcə təqvim ili deyil, eyni zamanda siyasi, iqtisadi və geosiyasi baxımdan yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Dövlət başçısı müsahibəsində qeyd edib ki, ötən il Ermənistan–Azərbaycan münaqişəsinə siyasi müstəvidə də tam son qoyulması regionda uzunmüddətli sülh və təhlükəsizlik üçün möhkəm zəmin yaradıb. Azərbaycan xalqı uzun illər müharibə şəraitində yaşadıqdan sonra artıq sülhün real nəticələrini görməyə başlayıb. Cəmiyyətdə sabitliyə inamın artması, təhlükəsiz mühitin formalaşması və müsbət sosial-psixoloji ab-hava ölkənin bütün sahələrdə irəliləməsinə şərait yaradır.
Müsahibədə Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi xüsusi vurğulanıb. Prezident İlham Əliyev Azərbaycan–ABŞ münasibətlərində baş verən müsbət dəyişiklikləri, 907-ci düzəlişin aradan qaldırılması istiqamətində atılan addımları və strateji tərəfdaşlıq üçün yeni imkanların yarandığını diqqətə çatdırıb. Qeyd olunub ki, Ermənistan–Azərbaycan müharibəsinin başa çatması və regionda yeni reallıqların formalaşması Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.
Azərbaycanın xarici siyasətində çoxşaxəli və balanslaşdırılmış yanaşma özünü açıq şəkildə göstərir. Prezident Çin Xalq Respublikası ilə imzalanmış hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni mühüm diplomatik uğur kimi qiymətləndirib. Çinlə iqtisadi əməkdaşlığın dərinləşməsi, qarşılıqlı investisiyaların artması, bərpaolunan enerji və nəqliyyat sahələrində birgə layihələrin icrası Azərbaycanın regional və qlobal iqtisadi sistemdə rolunu daha da möhkəmləndirir.
Eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin yeni səviyyəyə yüksəlməsi, Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsi ölkənin artan nüfuzunun göstəricisi kimi dəyərləndirilib. Prezidentin sözlərinə görə, Azərbaycan bu gün Şərqlə Qərb arasında etibarlı nəqliyyat və logistika mərkəzinə çevrilməkdədir. Orta Dəhlizin inkişafı, yüklərin Azərbaycan ərazisindən daşınmasının artması və alternativ marşrutların formalaşdırılması ölkənin strateji əhəmiyyətini daha da artırır.
Müsahibədə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə də geniş yer verilib. Prezident İlham Əliyev bildirib ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrində yol-nəqliyyat infrastrukturu, enerji sistemi, su təchizatı və sosial obyektlərin yaradılması ardıcıl və planlı şəkildə həyata keçirilir. Artıq on minlərlə insan bu ərazilərdə yaşayır və çalışır, yaxın illərdə isə köç prosesinin daha da sürətlənməsi nəzərdə tutulur. Bu proses ölkənin ümumi iqtisadi inkişafına və regional tarazlığın təmin olunmasına mühüm töhfə verir.
Dövlət başçısı Azərbaycanın iqtisadi dayanıqlılığına da xüsusi diqqət çəkib. Xarici borcun ÜDM-də payının tarixdə ən aşağı səviyyəyə enməsi, valyuta ehtiyatlarının yüksək olması və kredit reytinqlərinin müsbət istiqamətdə dəyişməsi ölkə iqtisadiyyatının güclü əsaslara söykəndiyini göstərir. Prezident qeyd edib ki, iqtisadi müstəqillik sosial siyasətin ardıcıl və davamlı şəkildə həyata keçirilməsinə imkan yaradır. Son illərdə reallaşdırılan sosial islahat paketləri milyonlarla vətəndaşın rifah halının yaxşılaşmasına xidmət edir.
Müsahibənin əsas mesajlarından biri də ondan ibarət olub ki, Azərbaycanın siyasətinin mərkəzində hər zaman vətəndaş dayanır. Təhsil, səhiyyə, sosial təminat və məşğulluq sahələrində həyata keçirilən islahatlar insan kapitalının inkişafına yönəlib. Prezident İlham Əliyev vurğulayıb ki, əldə olunan bütün iqtisadi nailiyyətlərin əsas məqsədi vətəndaşların həyat səviyyəsinin yüksəldilməsidir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə 2025-ci ilin Azərbaycan üçün yeni inkişaf mərhələsi olduğunu bir daha təsdiqləyir. Sülh, sabitlik, güclənən beynəlxalq əməkdaşlıq və dayanıqlı iqtisadi inkişaf ölkənin gələcək perspektivlərini daha da aydınlaşdırır. Azərbaycan regionda etibarlı tərəfdaş, qlobal miqyasda isə söz sahibi olan dövlət kimi mövqeyini möhkəmləndirməkdə davam edir.
