Müəllif: Sosial və humantar məsələlər üzrə direktor müavini p.f.d. Şəlalə Seyidova
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdəki çıxışı ölkəmizdə idmanın sistemli, davamlı və strateji əsaslarla inkişaf etdiyini bir daha nümayiş etdirdi. Dövlət başçısı çıxışında əldə olunan nailiyyətləri, həyata keçirilən layihələri və gələcək hədəfləri əhatəli şəkildə təhlil etdi.
Prezident İlham Əliyev qeyd etdi ki, 2025-ci ildə Azərbaycan idmançıları tərəfindən beynəlxalq yarışlarda 2000-dən çox medal, o cümlədən 600-dən artıq qızıl medal qazanılıb. Bu göstəricilər ölkə idman tarixində rekord hesab olunur və idmanın inkişafına göstərilən dövlət qayğısının real nəticəsidir. Keçən illərlə müqayisədə nəticələrin daha da yüksəlməsi aparılan məqsədyönlü siyasətin məntiqi davamıdır.
Dövlət başçısı vurğuladı ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir. Son illər ərzində idman infrastrukturu demək olar ki, sıfırdan qurulub və bu gün beynəlxalq standartlara cavab verən səviyyəyə çatdırılıb. Bölgələrdə idmanla məşğul olmaq üçün hər cür şərait yaradılıb. 2025-ci ildə Gəncə və Yevlax şəhərlərində Olimpiya İdman Komplekslərinin istifadəyə verilməsi ilə bölgələrdə bu tip komplekslərin sayı 46-ya çatıb.
Prezident İlham Əliyev sağlam gənc nəslin yetişdirilməsinin ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını xüsusi qeyd etdi. Onun sözlərinə görə, idman yalnız yüksək nəticələr əldə etmək üçün deyil, eyni zamanda, fiziki və mənəvi cəhətdən sağlam vətəndaşların formalaşması üçün vacib amildir. Uşaqlıqdan idmana marağın təşviqi gələcək uğurların əsasını təşkil edir.
Çıxışda gənclərin vətənpərvərlik və sağlam ruhda tərbiyəsi məsələsinə də xüsusi diqqət yetirildi. Prezident bildirdi ki, gənclərin fiziki hazırlığı ilə mənəvi saflığı vəhdət təşkil etməlidir. İdman bu baxımdan gənc nəslin vətənə bağlılıq ruhunda formalaşmasında mühüm rol oynayır. Son illərdə xalqımızın nümayiş etdirdiyi həmrəylik və vətənpərvərlik bu siyasətin düzgünlüyünü bir daha təsdiqləyir.
Dövlət başçısı idmançıların beynəlxalq arenalarda Azərbaycan Bayrağını ucaltmasının xalqda qürur hissi yaratdığını vurğuladı. Son beş il ərzində bayrağımızın qalib ölkənin bayrağı kimi qaldırılması idmançıların məsuliyyətini daha da artırır. Onlar artıq müzəffər xalqın nümayəndələri kimi yarışlara qatılırlar.
Prezident İlham Əliyev 2025-ci ilin əsas idman hadisələrindən biri kimi MDB ölkələrinin III Oyunlarını xüsusi qeyd etdi. Yarışların Gəncə, Xankəndi və digər şəhərlərdə yüksək səviyyədə keçirilməsi Azərbaycanın bölgələrdə də böyük beynəlxalq tədbirlər təşkil etmək potensialını nümayiş etdirdi. Bu Oyunlar ölkəmizin idman imicinin güclənməsinə mühüm töhfə verdi.
Bununla yanaşı, ölkəmizdə ilk dəfə keçirilən UFC beynəlxalq turniri və ənənəvi Formula 1 yarışları Azərbaycanın dünya miqyasında idman və turizm mərkəzi kimi mövqeyini daha da möhkəmləndirdi. Xüsusilə Formula 1 yarışlarından sonra xarici turistlərin sayının 20 faiz artması idman tədbirlərinin ölkənin tanıdılmasında mühüm rol oynadığını göstərir.
Prezident gələcək planlardan da danışaraq, Qusarda – Şahdağ Xizək Turizm Mərkəzində Xizək üzrə Dünya Kubokunun ilk dəfə keçiriləcəyini bildirdi. Bu, Azərbaycanın qış idmanı sahəsində də dünya idman xəritəsində öz yerini tutduğunu təsdiqləyir.
Çıxışın sonunda Prezident İlham Əliyev Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsini ölkəmiz üçün böyük şərəf adlandırdı və bu titulun Azərbaycanda idman sahəsində görülən işlərə verilən yüksək qiymət olduğunu vurğuladı.
Prezidentin çıxışı bir daha göstərdi ki, Azərbaycanda idman yalnız yarış və nəticə deyil, eyni zamanda, sağlam cəmiyyətin, güclü dövlətin və parlaq gələcəyin əsas sütunlarından biridir.

