ADPU-nun Şamaxı filialının “Kitabxana və elektron resurslar şöbəsi”ndə Azərbaycan professional musiqisinin banisi, görkəmli bəstəkar, publisist və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə “Üzeyir Hacıbəyli – Azərbaycan musiqisinin zirvəsi” adlı diskussiya keçirilib. Bu əlamətdar yubiley münasibətilə kitabxanada Ü.Hacıbəylinin həyatı və çoxşaxəli yaradıcılığına həsr olunmuş nəşrlərdən ibarət xüsusi guşə hazırlanıb. Guşədə bəstəkarın musiqi əsərləri, elmi-publisitik yazıları, operaları, operettaları, məqalə və monoqrafiyalar, eləcə də onun haqqında yazılmış tədqiqat əsərləri, xatirələr və dövri mətbuat materialları əksini tapıb.
“Kitabxana və elektron resurslar şöbəsi”nin müdiri V.N.Razimi disputu giriş sözü ilə açaraq Ü.Hacıbəylinin təkcə bəstəkar kimi yox, həm də bir yazıçı kimi Azərbaycan ədəbiyyatı tarixində oynadığı mühüm rolu oxucuların diqqətinə çatdırıb, onun zəngin yaradıcılıq irsi və ictimai elmi fəaliyyəti haqqında məlumat verib. Diskussiyanı “Kitabxana və elektron resurslar şöbəsi”nin böyük kitabxanaçısı A.T.Abiyeva davam etdirərək onun maarifçilik fəaliyyəti, teatr sənətinə verdiyi töhfələr ətrafında oxucularla fikir mübadiləsi aparıb.




