Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Konstitusiya və suverenlik ili” çərçivəsində professor-müəllim heyətinin elmi tədqiqat işlərinə həsr olunmuş “Elmi araşdırmalar və nəticələr” adlı yekun konfrans keçirilib. Konfrans filialda aparılan elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsi, əldə olunan elmi nailiyyətlərin paylaşılması və gələcək tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Tədbirin əvvəlində Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın plenar iclasında filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini, p.f.d. Şəlalə Seyidova konfransın işinə uğurlar arzulayaraq “Konstitusiya və suverenlik ili”nin ölkəmiz üçün əhəmiyyətindən, elmi tədqiqatların milli dəyərlərin qorunması və cəmiyyətin inkişafındakı rolundan bəhs edib. O, filialda professor-müəllim heyətinin elmi fəaliyyətinin ildən-ilə genişləndiyini vurğulayaraq aparılan tədqiqatların nəticələri barədə məlumat verib, Qeyd olunub ki, kafedralarda aparılan elmi- tədqiqat işlərinin nəticələri Respublika və beynəlxalq nüfuzlu jurnal və konfrans materiallarında çap olunması müsbət qiymətləndirilir.
Daha sonra plenar iclas məruzələrlə davam edib. Sosial və xüsusi fənlər kafedrasının baş müəllimi Qasımova Yaqut – Qarabağ bölgəsində iqtisadiyyatın inkişafı, Pedaqogika və psixologiya kafedrasının baş müəllimi, p.f.d. Seyidova Şəlalə – İnklüziv siniflərdə təlimin təşkili, Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Dadaşov Çingiz – Riyaziyyat təlimində ümumiləşdirmənin əsas üsul və vasitələri, Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Səmədova Aytən – Feilin tədrisində aktual problemlər mövzusu ilə çıxış ediblər.
Plenar iclasın ardınca konfrans işini 4 bölmədə – Sosial və xüsusi elmlər, Pedaqogika və psixologiya elmləri, Riyaziyyat və kompüter elmləri, Filologiyanın aktual problemləri bölmələrində davam etdirdi, ümumilikdə 33 iş üzrə məruzələr dinlənildi və müzakirə olundu.
Sonda konfransın yekun hesabat iclası keçirildi. İclada bölmələrin sədrləri uyğun bölmələrin işinin yekunlarına dair məlumat verdilər. Bildirildi ki, bütün bölmələrdə aktual mövzular təqdim olunaraq müzakirələr mütəşəkkil və diskussiya şəraitində keçirildi.











