Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 31 Dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş Tələbə Elmi Cəmiyyəti (TEC) tərəfindən “Milli Həmrəylik Günü: tarixi kök və müasir baxış” adlı elmi-maarifləndirici tədbir keçirildi.

Tədbir videoçarxın nümayişi ilə başladı. Videoçarxda milli həmrəyliyin tarixi kökləri, azərbaycançılıq ideyası və müasir dövrdə bu dəyərin əhəmiyyəti əks olundu.

Tədbirdə Tələbə Elmi Cəmiyyətinin sədr müavini, Tarix və coğrafiya müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Qafarova Fidan “Milli həmrəylik: tarixi yaddaşdan gələcəyə uzanan mənəvi körpü” mövzusunda çıxış edərək milli birlik anlayışının formalaşma mərhələlərindən, onun xalqın tarixi yaddaşında tutduğu mühüm yerdən və gələcək nəsillərin formalaşmasında rolundan bəhs etdi. Daha sonra o, 2024–2025-ci tədris ili üzrə Tələbə Elmi Cəmiyyətinin ümumi fəaliyyət hesabatını təqdim etdi.

Ardınca Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Abışzadə Günel “Gənclik və milli həmrəylik” mövzusunda çıxış edərək gənclərin milli dəyərlərin qorunması, təbliği və həmrəyliyin möhkəmləndirilməsində üzərinə düşən məsuliyyətdən danışdı.

Tədbirdə filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini, p.f.d. Şəlalə Seyidova çıxış edərək ötən tədris ilində Tələbə Elmi Cəmiyyətinin fəaliyyətini yüksək qiymətləndirdi və bu işlərdə əməyi olan Keyfiyyətin Təminatı şöbəsinin müdiri Süsən Cəbrayılovaya təşəkkürünü bildirdi. O qeyd etdi ki, cari tədris ilindən etibarən Süsən xanımın iş yükünün çoxluğu nəzərə alınaraq Tələbə Elmi Cəmiyyətinə rəhbərlik Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Aytən Səmədovaya həvalə olunmuşdur. Filialın məzunu olan Aytən xanıma gələcək fəaliyyətində uğurlar arzulandı.

Çıxışlarda vurğulandı ki, Tələbə Elmi Cəmiyyəti tələbələrin elmi-tədqiqat bacarıqlarının inkişafına, onların elmi fəaliyyətə cəlb olunmasına və yaradıcılıq potensialının üzə çıxarılmasına xidmət edir.

Tədbirin sonunda tələbələrin elmi-tədqiqat işlərinin yekun konfransında xüsusi fəallıq göstərən tədqiqatçı tələbələr diplomlarla təltif olundular. Alqışlarla mükafatlandırılan tələbələrə gələcək elmi fəaliyyətlərində uğurlar arzulandı.