24 dekabr tarixində Yeni Azərbaycan Partiyasının Şamaxı Rayon Təşkilatının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.
İlk olaraq Yeni Azərbaycan Partiyasının yaranmasına və şərəfli fəaliyyət yoluna həsr olunmuş videoçarx nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Tünzalə Yusifova iştirakçıları salamlayaraq bildirdi ki, Yeni Azərbaycan Partiyası müasir müstəqil Azərbaycan dövlətinin siyasi tarixində mühüm rol oynayan aparıcı siyasi qüvvədir. O, Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında yaradılan partiyanın bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla fəaliyyət göstərdiyini vurğuladı. Dosent Tünzalə Yusifova qeyd etdi ki, Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində ölkəmizdə siyasi sabitlik təmin olunmuş, davamlı inkişaf və beynəlxalq nüfuz əldə edilmiş, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunmuşdur. Çıxışının sonunda Tünzalə Yusifova tədbir iştirakçıları adından Prezident İlham Əliyevi ad günü münasibətilə səmimi-qəlbdən təbrik edərək, ona möhkəm cansağlığı, uzun ömür və dövlətçilik fəaliyyətində yeni uğurlar arzuladı.
Daha sonra Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri Tural Qasımov çıxış edərək qeyd etdi ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən xalqın maraqlarını əsas tutan, milli mənafelərə söykənən və dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edən aparıcı siyasi təşkilat kimi fəaliyyət göstərmişdir. O vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşan YAP qısa müddətdə ölkənin ictimai-siyasi həyatında həlledici rol oynamağa başlamış, müasir müstəqil Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil etmişdir. Tural Qasımov partiyanın 33 illik fəaliyyətinin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi, dövlət suverenliyinin tam bərpa olunması, eləcə də siyasi sabitliyin və davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etdi. O, bu gün Yeni Azərbaycan Partiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin inkişafına, xalqın rifahının yüksəldilməsinə və dövlətçilik ənənələrinin daha da gücləndirilməsinə xidmət edən uğurlu siyasəti ardıcıl şəkildə həyata keçirdiyini diqqətə çatdırdı.
Ardınca 9 saylı YAP Təşkilatının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Şasəddin Mikayılov “Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin siyasi irsinin təzahürüdür” mövzusunda çıxış edərək Ulu Öndərin zəngin siyasi irsinin bu gün də YAP-ın fəaliyyətində əsas ideoloji xətt təşkil etdiyini diqqətə çatdırdı.
Tədbirdə filialın məzunu və əməkdaşı Mirzəyeva Nuranə “Yeni Azərbaycan Partiyası və Azərbaycan gəncliyi” mövzusunda çıxış edərək qeyd etdi ki, YAP gənclərin ictimai-siyasi fəallığının artırılmasına, onların bilikli, vətənpərvər və məsuliyyətli vətəndaş kimi formalaşmasına xüsusi önəm verir.
Sonda partiyanın fəaliyyətində xüsusi fəallığı ilə fərqlənən tələbələrə təşəkkürnamələr, partiya sıralarına yeni qəbul olunan tələbələrə isə üzvlük vəsiqələri təqdim olundu.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşdı.






