Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Konstitusiya və Suverenlik ili çərçivəsində” “Təbiətin mühafizəsi və davamlı gələcək- biomüxtəliflik və su resurslarının qorunması” mövzusunda elmi-maarifləndirici tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini, p.f.d. Şəlalə Seyidova açaraq mövzunun aktuallığını xüsusi vurğulamışdır. O, çıxışında qeyd etmişdir ki, müasir dövrdə suveren dövlətin dayanıqlı və balanslı inkişafının təmin olunmasında təbii resursların – torpaq, su ehtiyatları və biomüxtəlifliyin qorunması mühüm strateji əhəmiyyət daşıyır. Bu resursların səmərəli istifadəsi və gələcək nəsillər üçün mühafizəsi yalnız ekoloji deyil, eyni zamanda sosial-iqtisadi inkişaf baxımından da vacib amillərdəndir.

Tədbirin aparıcıları Fidan Qafarova və Elburus Kərimov çıxış edərək tədbirin məqsədi və proqramı barədə iştirakçılara ətraflı məlumat vermiş, mövzu ətrafında fikir mübadiləsinin aparılmasının əhəmiyyətini qeyd etmişlər. Onlar müəllimləri və tələbələri fəal iştiraka dəvət edərək, aktual problemlər, mövcud çağırışlar və mümkün həll yolları barədə öz fikirlərini bölüşməyə şərait yaratmışlar.

Tədbirdə Sosial və xüsusi fənlər kafedrasının baş müəllimi Yaqut Qasımova “Təbiətin mühafizəsi” mövzusunda məruzə ilə çıxış edərək ekoloji tarazlığın qorunması, biomüxtəlifliyin saxlanılması və ekoloji məsuliyyət anlayışlarının əhəmiyyətinə toxunmuşdur.

Daha sonra Tarix və coğrafiya müəllimliyi ixtisasının IV tədris ili tələbələri tərəfindən təqdim olunan məruzələrdə biomüxtəlifliyin qorunmasının ekoloji tarazlığın saxlanmasındakı rolu, təbiətin mühafizəsinin davamlı inkişaf üçün əsas şərt olması, Yer kürəsində su resurslarının ümumi paylanması, şirin suların qitələr və iqlim qurşaqları üzrə bölgüsü, eləcə də Azərbaycanın şirin su ehtiyatlarının qorunması və idarə olunması kimi məsələlərlə yanaşı, torpaq ehtiyatlarının deqradasiyası, torpaqların eroziyadan və çirklənmədən mühafizəsi  barədə də ətraflı fikirlər səsləndirilmişdir.

Tələbələr öz çıxışlarında su hövzələrinin çirklənmə səbəblərini və növlərini, su çirklənməsinin ekoloji sistemlərə və insan sağlamlığına mənfi təsirlərini izah etmiş, həmçinin torpaq–su–canlı aləmi əlaqələrinin pozulmasının biomüxtəlifliyə yaratdığı təhlükələri xüsusi vurğulamışlar. Su və torpaq ehtiyatlarının qorunması, çirklənməyə qarşı kompleks tədbirlərin görülməsi, ekoloji maarifləndirmənin gücləndirilməsi və gənclərin bu prosesdə fəal iştirakının vacibliyi qeyd olunmuşdur.

Tədbirin sonunda müzakirələr aparılmış, təbiətin, torpaq və su ehtiyatlarının, eləcə də biomüxtəlifliyin qorunmasının gələcək nəsillər üçün əsas prioritet olduğu bir daha diqqətə çatdırılmışdır. Tədbir tələbələrdə ekoloji düşüncənin, məsuliyyətli vətəndaş mövqeyinin formalaşdırılması baxımından əhəmiyyətli olmuşdur.