Azərbaycan xalqı Ulu Öndərin siyasətinin davamçısı olaraq 2003-cü il Prezident seçkilərində böyük əksəriyyətlə İlham Əliyevə səs verərək onu Prezident seçmişdir. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident Cənab İlham Əliyev bu ali kürsüyə əyləşdiyi ilk gündən istər xarici siyasət,istərsə də daxili siyasətində ugurlu bir yol keçmiş və Azərbaycanın dünyada tanınmasında,demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində uğurlara nail olmuşdur.Hər bir Azərbaycan vətəndaşının Prezidenti olan Müzəffər Ali Komandan,xalqımızın layiqli oglu,qüdrətli Lider İlham Əliyev həyata keçirdiyi siyasəti ilə Azərbaycanı Cənubi Qafqazda Lider dövlətə çevirmiş, Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək həm də xalqına verdiyi sözə əməl etmiş və erməni vandallarının işgalı altında olan torpaqlarımızın azad olunmasına nail olmuşdur.
Şərəfli həyat yolu keçən və fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşına nümunə olan İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuş, 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil almış, 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsilinin davam etdirmişdir. 1982-ci ildə həmin institutun aspiranturasına daxil olmuş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır.
Prezident İlham Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllim kimi fəaliyyət göstərmiş, 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışmış və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olmuşdur. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilmiş, 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə Partiyanın sədri seçilmişdir. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunmuşdur.
Prezident İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuş, 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmişdir. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilmişdir.
İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilərkən seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs vermişdir. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmışdır. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
2024-cü il 7 fevral tarixli prezident seçkisi Zəfər seçkisi idi. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs vermişdir. Seçkilərdə seçici fəallığı 76,43 faiz olmuşdur. İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Səmərəli fəaliyyətinə görə Cənab Prezident İlham Əliyev ordenlərlə təltif olunmuş və fəxri adlarlar layiq görülmüş, İdman təşkilatlarının mükafatlarını almışdır.
“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” qeyd edən cənab Prezident İlham Əliyev ilk növbədə diqqətini ölkədə sabitliyin qorunmasına vermişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atmışdır. Ötən dövrdə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, dünyada strateji əhəmiyyəti artmışdır.
Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirmiş, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etmişdir. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etməkdədir. Prezidenti İlham Əliyevin gənclərin hərtərəfli inkişafına hesablanmış dövlət siyasəti Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artırmışdır.
Xalqa arxalanan Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən mühüm təşəbbüsləri ilə də xalqın inamını qazanmışdır.
Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınmışdır.Həyata keçirilən praqmatik xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırmışdır. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.
Dünyada sülhü və konstruktiv əməkdaşlığı tərənnüm edən Prezident İlham Əliyevin beynəlxalq təşəbbüsləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə 2013-cü il oktyabrın 28-də BMT tarixində ilk dəfə olaraq “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda iclas təşkil edilmişdir. Qoşulmama Hərəkatının sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası keçirilmişdir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının ən aktiv və nüfuzlu üzvlərindən biridir.Azərbaycanın qlobal mədəniyyətlərarası dialoqun ünvanlarından birinə çevrilməsi ölkəmizin beynəlxalq statusunun və beynəlxalq tərəfdaşlarının sayının artmasına səbəb olmuşdur.
Azərbaycanda davamlı olaraq Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, UNESCO-nun xüsusi sessiyalarının və onlarla digər əhəmiyyətli tədbirlərin keçirilməsi nəticəsində Bakı qlobal münasibətlər sistemində nüfuzlu beynəlxalq siyasi meydanlardan birinə çevrilmişdir.Azərbaycan “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə iki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırmışdır. Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olmuşdur.
Azərbaycan xalqının tarixi Qələbəsinin regionda formalaşmaqda olan yeni reallığın əsas səbəblərindən biri olduğunu dəfələrlə açıq şəkildə səsləndirən Prezident İlham Əliyev “Qərbi Azərbaycan” mövzusunu dövlət siyasəti ilə yanaşı, həm də regionumuzda formalaşan yeni reallığın ayrılmaz parçasına çevirmişdir.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə bütün sahələr davamlı inkişaf etmişdir.Beş fundamental nəticə ─ qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah ölkənin sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edir.
Prezident İlham Əliyev tərəfindən 22 iyul 2022-ci ildə imzalanmış “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası uğurla icra olunur. “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”müəyyənləşmişdir.Bölgələrin inkişafında Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir.
Bakı-Tbilisi-Ceyhan neft boru kəməri dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan vermiş, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin yaratmışdır. Hazırda Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir. Bununla Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur;Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevrilmişdir.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdur. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atmışdı.
2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müharibə nəticəsində 300-dən çox şəhər və kənd işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atmağa məcbur oldu. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir.Antiterror əməliyyatı nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir. Müzəffər Ali Baş Komandanın təşəbbüsü əsasında Qələbə ilə bağlı orden və medallar təsis olunmuşdur.
Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında 2020-ci il 3 dekabr tarixində Sərəncam imzalamış, 2021-ci ildə Hərbi Qənimətlər Parkının, 2024-cü ildə Zəfər Parkının və 2025-ci ildə Zəfər muzeyinin açılışında iştirak etmişdir. Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradı təşkil edilmişdir.
“Mən hər zaman qazilərin yanında olacağam”deyən – cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı siaysətini də ugurla həyata keçirir.Əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 19 minə yaxın şəxs öhdəliyə götürülmüş, 94 milyona yaxın vəsait müvafiq istiqamətlər üzrə xərclənmişdir .
Prezident İlham Əliyev 2022-ci il 16 noyabr tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalamışdır. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur.Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər də təşkil edir. Ümumilikdə, 2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin bərpasına büdcədən 25 milyard manatdan çox vəsait ayrılmışdır. Qarabağın və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər postmünaqişə dövründə tətbiq edilən ən sistemli və sürətli yenidənqurma modellərindən biri kimi beynəlxalq təcrübə üçün mühüm nümunədir.Beş il ərzində Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə 569 tədbirdə iştirak etmiş, müxtəlif təyinatlı 177 layihənin təməlini qoyub, 167 obyektin və infrastruktur layihəsinin açılışını etmişdir. Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir. 21 yaşayış məntəqəsinin isə təməli qoyulmuşdur.
Qarabağda və Şərqi Zəngəzurda aidiyyəti dövlət qurumları və yerli şirkətlər tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində 240 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənmiş, 3 beynəlxalq hava limanı istifadəyə verilmiş, tikintisi nəzərdə tutulmuş ümumi uzunluğu 3501,6 kilometr olan avtomobil yolları üzrə 60 layihədən 16-sı tam, 1-i isə qismən icra edilmişdir. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı baş tutmışdur.Qarabağda və Şərqi Zəngəzurda 38 su elektrik stansiyası, 4 su anbarı, 14 elektrik yarımstansiyası istismara buraxılıb, 6 magistral qaz xətti, 1000 kilometrdən artıq yüksək gərginlikli elektrik verilişi xətləri çəkilib, 8 şəhərə, 20 kəndə və 1 qəsəbəyə qazın verilməsi təmin olunub. Bölgədə 1 xəstəxana, 19 ümumi, 7 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilmışdir. Bundan əlavə, Xankəndi şəhərində Qarabağ Universiteti fəaliyyətə başlamışdır.
Cənab Prezident İlham Əliyevin ugurlu siaysəti nəticəsində İşğaldan azad edilmiş ərazilərin məskunlaşdırılması uğurla davam edir. 2025-ci il 31 oktyabr tarixədək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 20879 nəfərdən ibarət 5256 ailənin qayıdışı təmin edilmişdir. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində 2152 tələbə təhsil alır. Görülən işlər nəticəsində hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə 62 mindən çox insan yaşayır və fəaliyyət göstərir.İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı işləri 2025-ci ilin 9 ayında da davam etdirilmişdir. Ümümilikdə ötən dövrdə həmin sakinlərdən artıq 6,3 minə yaxın şəxsin məşğulluğu təmin edilib ki, bu da onlardan iqtisadi fəal olanların 92%-i deməkdir. 513 sakin üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə biznesləri sahələri yaradılmışdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir.
Bu gün Azərbaycan xalqı formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoymuşdur. Yeni dövrdə qarşıda duran strateji vəzifələrimiz müstəqilliyimizi, əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirməkdir. İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərinin, Böyük Qayıdışın davam etdirilməsi, təhlükəsizliyin təmin olunması və müasir ordu quruculuğu, qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması, cəmiyyətin rifahının yüksəldilməsi, dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, müstəqil xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi, cəmiyyət həyatında şəffaflığın və ictimai iştirakçılığın, həmçinin ölkədə mövcud siyasi dialoqun dərinləşdirilməsi, zəngin mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması və digər məsələlər həyata keçirilən siyasətin prioritet istiqamətləri olacaqdır.

Zərifə Cavadova
Sosial və xüsusi fənlər kafedrasının dosenti