Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında MİQ (Müəllimlərin İşə Qəbulu) üzrə sınaq imtahanı keçirilmişdir. Filialın Karyera Mərkəzinin və EDU Company təhsil şirkətinin birgə təşkilatçılığı ilə təşkil olunan sınaq imtahanında ADPU Şamaxı filialında təhsil alan III, IV və V kurs tələbələri iştirak etmişlər.

Sınaq imtahanının əsas məqsədi tələbələrin MİQ imtahanına hazırlıq səviyyəsinin yoxlanılması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, eyni zamanda real imtahan mühitinə uyğunlaşmalarına dəstək olmaqdır. İmtahan zamanı iştirakçılara rəsmi MİQ formatına uyğun test tapşırıqları təqdim olunmuş, vaxt bölgüsü və imtahan qaydaları tam şəkildə qorunmuşdur.

Keçirilən sınaq imtahanı tələbələr tərəfindən böyük maraqla qarşılanmış, onların gələcək karyera planlarının formalaşmasına və müəllim kimi fəaliyyətə hazırlıqlarının gücləndirilməsinə mühüm töhfə vermişdir. Karyera Mərkəzi tərəfindən bu kimi tədbirlərin mütəmadi olaraq təşkil olunmasının planlaşdırıldığı bildirilmişdir.