Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Gələcəyin müəllimi” adlı təlim keçirilib. Tədbir, filialın Karyera Mərkəzinin və EDU Company Təhsil Şirkətinin birgə təşəbbüsü ilə təşkil edilib və 100-dən çox tələbə iştirak edib.

Tədbirin açılışında filialın direktor köməkçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Şasəddin Mikayılov qonaqları və iştirakçıları salamlayaraq, təlimin məqsədi və aktuallığı barədə ətraflı məlumat verib. O qeyd edib ki, ADPU-nun Şamaxı filialı karyera inkişafına dair müxtəlif seminarlar, təlimlər və maarifləndirici görüşlər təşkil etməklə tələbələrin peşəkar bacarıqlarını inkişaf etdirməyi məqsəd qoyur. Bu cür tədbirlər, xüsusən gənc müəllimlərin təhsildə daha effektiv rol oynaya bilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Təlimin əsas hissəsində isə təlimçilər Elgün Əhmədov və Təhminə Hüseynova çıxış edərək müasir təhsil metodları və müəllimlərin peşəkar inkişafı haqqında müzakirələr aparıblar. Elğün Əhmədov analitik düşüncə ilə daha sistemli dərs qurmağın əhəmiyyətindən danışıb, müasir təhsil mühitində müəllimlərin tələbələrə effektiv şəkildə dərs çatdırmaq üçün hansı metodlardan istifadə etməli olduqlarını izah edib. Təhminə Hüseynova isə “Emosional liderlik: müəllim üçün görünməyən amma ən güclü silah” mövzusunda təqdimat edərək müəllimlərin şagirdlərlə emosional əlaqə qurma qabiliyyətinin nə qədər vacib olduğunu vurğulayıb. O, həmçinin “Yeni nəsil müəllim” konseptinin real tətbiqi ilə bağlı fikirlərini bölüşüb, müasir müəllimlərin tərbiyə, təlim və liderlik bacarıqlarını necə inkişaf etdirə biləcəklərini izah edib.

Təlimin sonunda təlimçilər tələbələrin suallarını cavablandırıb və ən fəal iştirakçılara hədiyyələr təqdim olunub. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib ki, bu da onların peşəkar inkişafına verdiyi töhfəni təsdiqləyən mühüm bir addım olub.

Bu cür tədbirlər, tələbələrin gələcəkdə təhsilin inkişafına və müasir tədris metodlarına uyğun olaraq daha hazırlıqlı olmalarını təmin edərək, onların peşəkar həyatına əhəmiyyətli təsir göstərir. ADPU-nun Şamaxı filialı, təhsil sahəsində bu cür təşəbbüslərini davam etdirərək gələcəyin müəllimlərinin yetişdirilməsində mühüm rol oynamağa davam edir.

Sonda EDU Company Təhsil Şirkəti göstərilən dəstək və əməkdaşlığa görə filialın  karyera mərkəzinə təşəkkürnamə təqdim edib.