Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarına hazırlıq məqsədilə maarifləndirici görüş təşkil edilib. Filialın Karyera Mərkəzinin və filialın 2011-ci il məzunu, təlimçi, MİQ üzrə ölkə rekordçusu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işçisi, “MM Akademy” tədris mərkəzinin təsisçisi və direktoru Şəfəq Nağıyevanın təşəbbüsü ilə keçirilən tədbirdə filialın 100-dən artıq tələbəsi iştirak edib.

Tədbirdən öncə filialın direktoru, dosent Tünzalə Yusifova Şəfəq Nağıyeva və tədris mərkəzinin digər əməkdaşları ilə görüşərək filialda tələbələrin karyera inkişafına yönəlik fəaliyyətlərin daha sistemli şəkildə genişləndirilməsi, xüsusi olaraq MİQ imtahanlarına hazırlıq prosesinin təkmilləşdirilməsi, məzun–tələbə əlaqələrinin institusional səviyyədə gücləndirilməsi, habelə pedaqoji sahədə fəaliyyət göstərən mütəxəssislərlə əməkdaşlıq imkanlarının artırılması istiqamətində müzakirələr aparıb. Görüş zamanı gələcək birgə layihələrin təşkili, təlim proqramlarının koordinasiyası, tələbələr üçün praktiki bacarıqları inkişaf etdirən tədris modullarının hazırlanması və filialda karyera dəstək mexanizmlərinin daha effektiv tətbiqi kimi məsələlər də nəzərdən keçirilib. Dosent Tünzalə Yusifova vurğulayıb ki, belə əməkdaşlıqlar tələbələrin həm nəzəri biliklərini gücləndirmək, həm də real iş mühiti ilə tanış olmalarını təmin etmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə qonaqları və tədbir iştirakçılarını salamlayan filialın direktor müavini, p.f.d. Səlalə Seyidova görüşün məqsədi və aktuallığı barədə məlumat verib. O qeyd edib ki, karyera inkişafı istiqamətində ADPU-nun Şamaxı filialında mütəmadi olaraq müxtəlif seminarlar, təlimlər və maarifləndirici görüşlər təşkil olunur. S.Seyidova əlavə edib ki, filialda məzunların uğur hekayələrinin tələbələrə təqdim edilməsi həm praktiki təcrübə mübadiləsi baxımından əhəmiyyətli, həm də tələbələrin motivasiyasını artıran mühüm amildir.

Daha sonra təlimçi Şəfəq Nağıyeva çıxış edərək MİQ imtahanının strukturu, müsabiqə mərhələləri və qiymətləndirmə meyarları haqqında ətraflı məlumat verib. O, imtahanda tez-tez qarşılaşılan sualları tələbələrlə birlikdə təhlil edərək onların cavablandırılması üzrə praktik tövsiyələr təqdim edib. Təlimçi həmçinin imtahan mərhələlərində namizədlərin üzləşə biləcəyi çətinliklərdən və bu çətinliklərin aradan qaldırılması üçün effektiv hazırlıq strategiyalarından danışıb.

Təlimin davamında “MM Akademy” tədris mərkəzinin təlimçisi Rəqsanə Rzayeva kurikulum (tədris proqramı) barədə geniş təqdimatla çıxış edib. O, kurikulumun tədrisdəki əhəmiyyəti, məzmun çərçivəsi və MİQ imtahanlarında bu istiqamət üzrə sualların təqdim olunma xüsusiyyətlərini izah edib. Bu mərhələdə tələbələrlə kurikulumun müxtəlif komponentləri ətrafında geniş müzakirələr aparılıb və onların sualları cavablandırılıb.

Növbəti təqdimat mərkəzin Riyaziyyat fənni üzrə təlimçisi Aysun Rəcəbliyə məxsus olub. O, ibtidai sinif müəllimliyi ixtisasında təhsil alan tələbələrlə riyaziyyat fənni üzrə imtahan tapşırıqlarının xüsusiyyətlərini müzakirə edib. Təlimçi riyaziyyatın ibtidai təhsil səviyyəsində əsas rolunu, imtahanda təqdim olunan sualların strukturunu və bu fənnin tədrisində tələbələrin üzləşdiyi tipik çətinlikləri izah edib. O, həmçinin imtahanda yüksək nəticə əldə etmək üçün tətbiq edilə biləcək effektiv strategiyalar barədə praktiki tövsiyələr paylaşıb.

Görüşün sonunda tələbələrə MİQ imtahanlarına hazırlıq prosesində faydalı ola biləcək ümumi tövsiyələr verilib. Təlimçilər hər bir tələbənin öz bilik və bacarıq səviyyəsinə uyğun fərdi hazırlıq planı tərtib etməsinin zəruriliyini qeyd edib, hazırlıq mərhələsində ardıcıllıq, sistemlilik və məqsədyönlü çalışma kimi amillərin əhəmiyyətini vurğulayıblar.

Bu kimi tədbirlər tələbələrin imtahanlara hazırlıq səviyyəsini yüksəltməklə yanaşı, onların peşəkar inkişafına, özünəinamının

 artırılmasına və motivasiya mühitinin formalaşmasına mühüm töhfə verir. ADPU-nun Şamaxı filialında keçirilən bu görüş tələbələrin MİQ imtahanlarına daha səmərəli və məqsədyönlü şəkildə hazırlaşmaları üçün əhəmiyyətli bir platforma rolunu oynayıb.