Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Ümummilli Lider Heydər Əliyevin Anım Günü münasibətilə tədbir keçirilib.

Tədbirdən əvvəl Milli Məclisin deputatı, dosent Tamam Cəfərova, filialın direktoru dosent Tünzalə Yusifova və professor-müəllim heyəti Ulu Öndər Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsini ziyarət edərək dahi liderin xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra mərasim filialın akt zalında davam etdirilib. Dövlət Himninin səsləndirilməsi və Ümummilli Liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından Heydər Əliyevin zəngin irsini əks etdirən videoçarx nümayiş olunub.

Giriş sözü ilə çıxış edən filialın direktoru dosent Tünzalə Yusifova Heydər Əliyev fenomeninin Azərbaycan tarixində əvəzsiz rolunu geniş şəkildə təhlil edib. O bildirib ki, bu gün Azərbaycan Respublikasının siyasi, iqtisadi və mədəni inkişaf strategiyasının əsasını Ümummilli Liderin yaratdığı möhkəm təməl təşkil edir. Tünzalə Yusifova qeyd edib ki, Heydər Əliyev yalnız dövlət qurucusu kimi deyil, həm də xalqın taleyinə məsuliyyətlə yanaşan müdrik rəhbər kimi yaddaşlarda yaşayır. Direktor həmçinin bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin siyasi kursu ardıcıl və uğurla davam etdirilir, Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib, qlobal miqyasda nüfuzu yüksəlib.

Millət vəkili, dosent Tamam Cəfərova çıxışında Heydər Əliyevin siyasi fəaliyyətini üç böyük mərhələ üzrə geniş şəkildə şərh edib: birinci hakimiyyəti dövrü – quruculuq mərhələsi, 1993-cü ildə ölkəni xilas etməsi – xilaskarlıq missiyası və 1993–2003-cü illər – yenidən quruculuq dövrü. O, Ulu Öndərin təhsilə, gənclərə və ölkənin intellektual potensialına xüsusi diqqət göstərdiyini vurğulayaraq bildirmişdir ki, vaxtilə Heydər Əliyevin xaricdə təhsil almağa göndərdiyi gənclərdən biri olması onun üçün böyük qürurdur və biz bu gün ali savadlı, vətənpərvər və qlobal düşüncəli gənclərə malikiksə, bu, Ulu Öndərin gənclər siyasətinin nəticəsidir. Müstəqil Azərbaycanın sabit quruluşunu, beynəlxalq aləmdə nüfuzunu və güclü dövlətçilik ənənələrini Ulu Öndərin uzaqgörən siyasətinə, vətənə bağlılığına borcluyuq. Tamam Cəfərova əlavə edib ki, Heydər Əliyevin siyasi xətti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müasir Azərbaycan gəncliyi bu tarixi mirasın daşıyıcısı olmaqla şanslı nəsildir.

Sosial və xüsusi fənlər kafedrasının dosenti Mayıl Alıcanov “Ümummilli Lider Heydər Əliyev – müstəqil Azərbaycanın memarı və dövlətçilik ideyasının qurucusudur”, Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının əməkdaşı “Heydər Əliyevin siyasi irsində ədəbiyyat məsələləri” mövzusunda çıxış ediblər.

Tədbirin bədii hissəsində tələbələrin ifasında Zəlimxan Yaqubun “Heydər xalq deyəndə, xalq Heydər dedi” kompozisiyası nümayiş olunub və gənclərin Ulu Öndərə sonsuz sevgisi ifadə olunub.

Sonda deputat Tamam Cəfərova tələbələrlə görüşərək təəssüratlarını bölüşüb və xatirə şəkilləri çəkdirilib.