Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Kapital Bankın Könüllülük Proqramı təqdimatı keçirildi. Görüşdə Kapital Bankın direktoru Toğrul Əliyev filialın Riyaziyyat və informatika müəllimliyi ixtisasının tələbələri ilə bir araya gəldi. Görüşün əsas məqsədi tələbələri könüllülük proqramı ilə tanış etmək və bu proqramın onların peşəkar inkişaflarına necə təsir edə biləcəyini izah etmək idi.
Kapital Bankın direktoru, tələbələrə könüllülük fəaliyyətinin əhəmiyyətini və faydalarını vurğuladı. O, bu cür proqramların gənclərə həm peşəkar bacarıqlarını inkişaf etdirmək, həm də sosial məsuliyyət duyğusunu gücləndirmək üçün əla bir fürsət yaratdığını bildirdi. Tələbələrə könüllülük proqramının 3 ay müddətində davam edəcəyi və proqramın sonunda iştirakçılara rəsmi sertifikat veriləcəyi məlumatı verildi.
Könüllülük proqramı iştirakçılara müxtəlif sahələrdə praktiki təcrübə qazanmağa, müxtəlif peşə sahibləri ilə işləmə imkanına malik olmağa, həmçinin şəbəkə qurma bacarıqlarını inkişaf etdirməyə kömək edəcək.
Sonda, tələbələrə könüllülük proqramının onlara yalnız bilik və bacarıqlar qazandırmaqla yanaşı, həm də sosial məsuliyyətlərini hiss etməklə daha geniş perspektivlər açılacağı bildirildi. Görüş, tələbələrin suallarını cavablandırmaq və proqramla bağlı əlavə məlumatlar verməklə sona çatdı.
Bu cür təşəbbüslər, gənc nəslin sosial fəaliyyətdə iştirakını təşviq edərək, onların həm öz peşəkar inkişaflarını, həm də cəmiyyətə faydalı olma yolunda daha geniş imkanlar əldə etmələrinə şərait yaradır.




