Görüş zamanı filialın direktoru dos. Tünzalə Yusifova cari ildə bakalavr təhsilini uğurla başa vuraraq diplom əldə edən məzunları səmimi qəlbdən təbrik etmiş, onların bu nailiyyətini böyük qürurla qeyd etmişdir. O, məzunlara gələcək karyera hədəflərini düzgün müəyyənləşdirmək üçün dəyərli məsləhətlər verərək, qarşıdakı mərhələlərdə özlərinə inamla addımlamağın vacibliyini vurğulamışdır.
Dosent Tünzalə Yusifova görüş zamanı MİQ imtahanlarına hazırlığın əhəmiyyətinə toxunaraq, müasir bilik və bacarıqlar bazarında daim yenilənməyin önəmli olduğunu qeyd etmişdir. O, magistratura pilləsində təhsilini davam etdirən məzunlarla da səmimi söhbət edərək, onların daxil olduqları ali təhsil müəssisələrinə adaptasiya prosesində qarşılaşa biləcəkləri çətinliklər və imkanlar barədə fikir mübadiləsi aparmışdır.
Sonda direktor məzunlara gələcək karyeralarında ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməyin vacibliyini vurğulamış, qarşıdakı fəaliyyətlərində onlara uğurlar və yeni zirvələr fəth etməyi arzulamışdır.





