Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Kitabxana və elektron resurslar şöbəsinin təşkilatçılığı ilə elmi-nəzəri əhəmiyyət daşıyan sərgi keçirilmişdir.
Sərginin açılışında filialın direktoru dosent Tünzalə Yusifova çıxış edərək AMEA-nın ölkəmizin elmi-pedaqoji mühitindəki xüsusi rolunu vurğulamışdır. O qeyd etmişdir ki, cənab Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı sərəncam Azərbaycan elminə göstərilən yüksək diqqət və qayğının bariz ifadəsidir. Vurğulandı ki, akademiyanın çoxşaxəli fəaliyyəti, elmi-tədqiqat mərkəzlərinin zəngin irsi, aparılan araşdırmaların beynəlxalq miqyasda tanınması gənc nəslin elmə marağının artırılması, gələcək tədqiqatçıların formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. O, belə sərgilərin tələbələrin elmi dünyagörüşünün genişlənməsinə, mütaliə və araşdırma vərdişlərinin inkişafına töhfə verdiyini də xüsusi olaraq qeyd etmişdir.
Sərgidə filialın Sosial və xüsusi fənlər kafedrasının dosenti və AMEA-nın aparıcı elmi işçisi Sübhan Talıblı çıxış edərək AMEA-nın inkişaf tarixi, müxtəlif illərdə həyata keçirilən fundamental tədqiqatlar və müasir dövrdə çoxsahəli elmi fəaliyyət barədə ətraflı məlumat vermişdir. Daha sonra AMEA-nın Z. Bünyadov adına Şərqşünaslıq İnstitutu, A. A. Bakıxanov adına Tarix İnstitutu, akademik H. Əliyev adına Coğrafiya İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu tərəfindən ADPU-nun Şamaxı filialına hədiyyə edilmiş elmi nəşrlərdən ibarət sərgi ilə tanışlıq olmuşdur.
Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, təqdim olunan nəşrlər xüsusilə tələbələrin diqqətini cəlb etmişdir.





