Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının əməkdaşları Dövlət Məşğulluq Agentliyinin Dağlıq-Şirvan Regional Məşğulluq Filialı tərəfindən təşkil olunan əmək yarmarkasında fəal iştirak etdilər. Tədbirin əsas məqsədi bölgədə iş axtaran vətəndaşlarla işəgötürənləri bir araya gətirmək, onlara mövcud iş imkanları barədə dolğun məlumat təqdim etmək idi.

Şamaxı filialı bu əmək yarmarkasında 7 müxtəlif vakansiya ilə təmsil olunaraq həm məzunlara, həm də iş axtaran digər vətəndaşlara iş imkanları təqdim etdi. Yarmarkaya müraciət edənlər arasında filialı əvvəlki illərdə bitirmiş məzunlarla yanaşı, cari ildə təhsilini tamamlayacaq tələbələr də iştirak edirdilər. Onlara təklif olunan vəzifələr, işin mahiyyəti, öhdəliklər və tələb olunan bacarıqlar haqqında geniş və ətraflı məlumat verildi.

Filial əməkdaşları həmçinin iştirakçıların suallarını cavablandırdı, əlavə olaraq onlara karyera planlaması və işə qəbul prosesi ilə bağlı tövsiyələr təqdim etdilər. Bu cür tədbirlərin məzunların əmək bazarına inteqrasiyasına və onların peşəkar inkişafına mühüm töhfə verdiyi bir daha vurğulandı.