“Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.”
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev

 Müəllif: İnformasiya və kommunikasiya texnologiyaları şöbəsinin əməkdaşı Aytən Əsgərova

25 oktyabr Azərbaycan xalqı üçün qürur, zəfər və dirçəliş tarixidir. Bu gün biz Qubadlı şəhərinin azad edilməsinin ildönümünü böyük fəxarət hissi ilə qeyd edirik. Qubadlının işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsinin ən mühüm mərhələlərindən biri, ordumuzun qəhrəmanlığının, dövlətimizin gücünün bariz göstəricisidir.

Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşən Qubadlı rayonu strateji mövqeyinə, təbii sərvətlərinə, məhsuldar torpaqlarına və zəngin tarixinə görə daim diqqət mərkəzində olub. İşğala qədər rayonda taxılçılıq, tütünçülük, üzümçülük və heyvandarlıq geniş inkişaf etmişdi. Qubadlının “Yazı düzü”, “Gəyən”, “Məzrə” kimi bol məhsullu düzləri, Bərgüşad və Həkəri çayları ətrafındakı münbit torpaqları onu ölkənin ən abad bölgələrindən birinə çevirmişdi.

Lakin 1993-cü il avqustun 31-də Qubadlı rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Nəticədə 30 minə yaxın dinc sakin doğma yurdlarından didərgin düşdü, 94 kənd, minlərlə ev, məktəb, mədəniyyət ocaqları, körpülər və infrastruktur tamamilə dağıdıldı. Qubadlı kimi qədim bir diyar xarabalığa çevrildi. Bununla yanaşı, işğal dövründə Rəsmi İrəvan beynəlxalq hüququ pozaraq ərazilərdə qanunsuz məskunlaşma siyasəti həyata keçirdi.

Lakin xalqımız öz doğma yurduna dönmək ümidi ilə yaşadı. 2020-ci ilin payızında başlayan Vətən müharibəsi bu ümidləri gerçəkliyə çevirdi. Qubadlı istiqamətində gedən döyüşlər misilsiz qəhrəmanlıq nümunəsi idi. Şəhər ətrafındakı yüksəkliklərin ələ keçirilməsi, Xanlıq, Padar, Sarıyataq və digər kəndlərin azad olunması Azərbaycan Ordusunun yüksək peşəkarlığını, döyüş ruhunu nümayiş etdirdi. Nəhayət, 2020-ci il oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərini düşməndən tam azad etdi. Bu qələbə Zəfər salnaməmizin parlaq səhifəsinə çevrildi.

Prezident İlham Əliyevin Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı təsis edildi və bu əməliyyatlarda iştirak etmiş 15 mindən çox hərbi qulluqçu təltif olundu. 2023-cü il 31 iyul tarixli qərarla 25 oktyabr “Qubadlı şəhəri günü” kimi təsis edildi. Bu qərar həm də Qubadlının tarixində yeni dövrün başlanğıcı oldu.

Bu gün Qubadlıda geniş bərpa və quruculuq işləri aparılır. 2021-ci ildə “Qubadlı” yarımstansiyasının açılışı, 2023-cü ildə şəhərin ilk yaşayış məhəlləsinin, məktəb və xəstəxana binasının, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimləri bölgənin yeni həyatının təməlini qoydu. Qubadlı–Eyvazlı avtomobil yolu, Qubadlı–Laçın magistralı, müasir enerji və internet xətləri bu diyarın iqtisadi potensialını daha da artıracaq. Artıq Qubadlının 2040-cı ilədək inkişafına dair Baş Plan təsdiqlənib – bu, bölgənin gələcək simasının formalaşmasına xidmət edən strateji sənəddir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş Qubadlıya səfərləri, burada yeni infrastrukturun təməlinin qoyulması bir daha göstərir ki, bu torpaqlarda həyat qayıdış mərhələsinə qədəm qoyub. Bu gün Mahruzlu və Zilanlı kəndlərində yeni evlər inşa olunur, doğma yurda ilk köçlərin qayıdışı üçün hazırlıqlar görülür.

Qubadlıya qayıdış – təkcə bir torpağın deyil, həm də bir xalqın ruhunun, inamının, qürurunun qayıdışıdır. Bu gün azad Qubadlıda ucalan hər bina, çəkilən hər yol, əkilən hər ağac Azərbaycan xalqının Zəfər ruhunu əks etdirir.
25 oktyabr — Qubadlının azadlığı günü — tarixi Qələbəmizin, milli birliyimizin və möhtəşəm gələcəyimizin rəmzidir.