17 oktyabr tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında İbtidai sinif müəllimliyi ixtisasının məzunları, eyni zamanda hal-hazırda filialda çalışan əməkdaşlarla görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə filialın direktoru, dosent Tünzalə Yusifova açaraq məzunları salamlamış, onlarla bir araya gəlməkdən məmnunluğunu ifadə etmişdir. Tünzalə xanım bu cür görüşlərin məzunlarla əlaqələrin gücləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulamış, bu ənənənin mütəmadi olaraq davam etdirilməsinin vacibliyini qeyd etmişdir. Tünzalə Yusifova çıxışı zamanı filialda tələbələr üçün yaradılan təhsil imkanları, müasir və keyfiyyətli tədris mühiti, həmçinin gənc mütəxəssislərin formalaşması və onların dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir. O, həmçinin məzunların təcrübələrinin hazırda təhsil alan tələbələr üçün bir örnək olduğunu qeyd etmişdir.
Daha sonra məzunlar çıxış edərək öz fəaliyyət sahələrində qazandıqları uğurlar, qarşılaşdıqları çətinliklər və bu çətinlikləri necə dəf etdikləri barədə məlumat vermişlər. Onlar qeyd etmişlər ki, ADPU-nun Şamaxı filialında aldıqları bilik və bacarıqlar onların peşəkar inkişafında mühüm rol oynamışdır.
Görüş zamanı müasir əmək bazarının tələbləri ilə ali təhsil müəssisələrinin məzun hazırlığı arasındakı uyğunluq məsələlərinə də toxunulmuş, bu sahədə mövcud problemlər və onların həlli yolları barədə fikir mübadiləsi aparılmışdır.
Diskussiya şəraitində keçən görüş zamanı filialın Karyera Mərkəzi ilə məzunlar arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, məzunların peşəkar inkişafına dəstək verilməsi, eləcə də onların təcrübələrinin tələbələrlə bölüşdürülməsi istiqamətində konkret təkliflər irəli sürülmüşdür.
Sonda məzunlar bu cür görüşlərin təşkili üçün filial rəhbərliyinə təşəkkür etmiş, tədbirdən məmnun qaldıqlarını bildirmiş və gələcəkdə filialın fəaliyyətində daha yaxından iştirak etməyə hazır olduqlarını vurğulamışlar. Onlar, həmçinin, filialın inkişafına öz töhfələrini verməyə və tələbələrlə təcrübələrini bölüşməyə maraqlı olduqlarını ifadə etmişlər.



