Müəllif: Sosial və xüsusi fənlər kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Təranə Əkbəri
Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri çoxşaxəli tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsidir. Bu kontekstdə Avropa İttifaqının əsas üzv dövlətlərindən olan İtaliya ilə əlaqələr xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Prezidentinin vurğuladığı kimi, İtaliya Prezidenti tərəfindən həyata keçirilən ikinci rəsmi səfər münasibətlərin dərinləşməsinin və strateji əməkdaşlığın möhkəmlənməsinin bariz göstəricisidir. Azərbaycan–İtaliya münasibətləri son onillikdə davamlı inkişaf etmişdir. 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq sənədi və beş il əvvəl qəbul olunmuş Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu münasibətlərin hüquqi və siyasi əsaslarını müəyyənləşdirmişdir. Prezidentin qeyd etdiyi kimi, hər iki sənəd tərəflər arasında uzunmüddətli və sabit əməkdaşlıq mexanizminin formalaşmasına xidmət etmişdir. Bu isə əlaqələrin təkcə siyasi sahədə deyil, həm də iqtisadi və enerji istiqamətlərində dərinləşməsini təmin etmişdir.
Dövlət başçılarının mütəmadi görüşləri və qarşılıqlı səfərləri tərəflərin siyasi dialoqunun intensivliyini göstərir. Prezident İlham Əliyevin ötən il İtaliya Prezidenti Mattarella ilə Romada görüşməsi və həmin görüşdə Azərbaycana dəvətin yenilənməsi iki ölkə arasında səmimi münasibətlərin davamlılığını təsdiqləyir. Bu mütəmadi dialoq siyasi sabitliyə, etimad mühitinin güclənməsinə və gələcək layihələrin reallaşmasına zəmin yaradır. Azərbaycan və İtaliya arasında iqtisadi münasibətlər xüsusi dinamikaya malikdir. Hazırda İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır və ikitərəfli ticarət dövriyyəsi ildən-ilə artmaqdadır. Energetika sahəsi isə strateji əməkdaşlığın mərkəzində dayanır. Azərbaycan neft və qazının İtaliya üzərindən Avropa bazarlarına çıxarılması iki ölkə münasibətlərinə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət qazandırmışdır. Bu kontekstdə Azərbaycan yalnız İtaliyanın deyil, bütövlükdə bir sıra Avropa dövlətlərinin enerji təhlükəsizliyinə mühüm töhfə verməkdədir.
Azərbaycan və İtaliya arasında formalaşmış strateji əməkdaşlıq illər ərzində yalnız möhkəmlənməklə qalmamış, həm də yeni istiqamətlər üzrə inkişaf etmişdir. Prezident İlham Əliyevlə Prezident Mattarella arasında aparılan müzakirələr də bu əlaqələrin dərin mahiyyətini bir daha nümayiş etdirir. Bugünkü görüş zamanı İtaliya Prezidentinin yeddi il əvvəlki səfəri xatırladılmış və həmin dövrdə gündəlikdə duran əsas məsələlərdən biri – TAP layihəsinin icrası ilə bağlı problemlər yada salınmışdır. O zaman mövcud olan çətinliklərə baxmayaraq, Prezident Mattarellanın şəxsi təşəbbüsü və müdaxiləsi sayəsində prosesin qarşısında dayanan maneələr aradan qaldırılmış və nəticədə TAP layihəsi uğurla reallaşdırılmışdır.
2020-ci ildən etibarən Azərbaycan qazı məhz bu layihə vasitəsilə İtaliyaya ixrac edilməyə başlanmışdır. Hazırda isə Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycanın ixrac coğrafiyası daha da genişlənmiş, ölkə 14 dövlətə təbii qaz çatdırmaq imkanına sahib olmuşdur. Bu, Azərbaycanın enerji sahəsində dünya miqyasında mühüm aktor kimi mövqeyini möhkəmləndirmiş, boru kəmərləri vasitəsilə ixrac edilən qazın coğrafi əhatəsinə görə ölkəni lider mövqeyə çıxarmışdır. İtaliya ilə əməkdaşlığın miqyası isə daha aydın şəkildə enerji balansında özünü göstərir. Belə ki, Azərbaycan nefti İtaliyanın ümumi neft balansında birinci, Azərbaycan qazı isə ikinci yeri tutur. Bu, qarşılıqlı etimada, səmimiyyətə və uzunmüddətli əməkdaşlıq təcrübəsinə əsaslanan güclü tərəfdaşlığın göstəricisidir. Əgər ikitərəfli münasibətlərdə bu səviyyədə inam və dəstək mövcud olmasaydı, belə irimiqyaslı layihələrin həyata keçirilməsi də mümkün olmazdı.
Bugünkü danışıqlarda Azərbaycan Prezidentinin İtaliya tərəfinə verdiyi məlumatlar əməkdaşlığın yalnız qaz və neftlə məhdudlaşmadığını göstərir. Hal-hazırda Azərbaycan Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı istiqamətində iş aparır. Elektrik xətlərinin çəkilişi ilə bağlı texniki-iqtisadi əsaslandırma üzərində hazırlıq mərhələsi davam etdirilir və yaxın vaxtlarda layihənin yekunlaşacağı gözlənilir. Bu isə o deməkdir ki, TAP və Cənub Qaz Dəhlizi kimi strateji layihələr yeni enerji körpülərinin yaradılmasına zəmin hazırlamışdır.
Gələcəkdə Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana, oradan isə Avropa məkanına ötürüləcək elektrik enerjisi layihəsi əməkdaşlığın miqyasını daha da artıracaq. Beləliklə, enerji təhlükəsizliyi sahəsində Azərbaycanın rolu getdikcə genişlənəcək, Avropa ilə strateji tərəfdaşlıq daha möhkəm əsaslar üzərində inkişaf edəcək. Bu proses həm ölkənin regional mövqeyini gücləndirir, həm də qlobal enerji bazarında etibarlı tərəfdaş kimi rolunu təsdiqləyir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan–İtaliya əlaqələrinin inkişafı təkcə enerji və iqtisadi sahələrlə məhdudlaşmır, eyni zamanda sənaye və humanitar əməkdaşlıq istiqamətlərini də əhatə edir. Keçmiş səfərlərdən birində Prezident Mattarella ilə birgə Sumqayıtda İtaliya şirkətlərinin inşa etdiyi böyük sənaye müəssisəsinin açılışında iştirak edilməsi bu əməkdaşlığın real nəticələrindən biri olmuşdur. Bu nümunə göstərir ki, iki ölkə arasında iqtisadi münasibətlər yalnız xammal və enerji resursları üzərində deyil, həm də sənayeləşmə prosesinə yönəlmiş praktiki layihələr əsasında inkişaf edir.
Hazırkı səfər isə əməkdaşlığın yeni bir mərhələsini simvolizə edir. Belə ki, yaxın günlərdə İtaliya-Azərbaycan Universitetinin açılışı planlaşdırılır. Bu addım göstərir ki, ikitərəfli münasibətlər artıq humanitar sahəni də əhatə etməyə başlayıb. Yüzlərlə tələbənin təhsil alacağı bu universitet həm yüksək bilik və bacarıqlara sahib kadrların hazırlanmasına xidmət edəcək, həm də gələcəkdə iki ölkə arasında mədəni və ictimai əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.
Universitetdə təhsil alan gənclər yalnız akademik biliklər qazanmayacaq, eyni zamanda Azərbaycanın İtaliyadakı, İtaliyanın isə Azərbaycandakı qeyri-rəsmi elçilərinə çevriləcəklər. Bu, qarşılıqlı mədəniyyətlərarası körpülərin qurulmasına, xalqlar arasında dostluğun dərinləşməsinə və uzunmüddətli əməkdaşlığın daha da güclənməsinə xidmət edəcəkdir. Beləliklə, energetika və sənaye layihələrindən doğan tərəfdaşlıq artıq elm və təhsil sahəsinə də nüfuz edir və bu, Azərbaycan–İtaliya münasibətlərinin çoxşaxəli və davamlı inkişafının bariz göstəricisinə çevrilir.
İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi – Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb.
İtaliya-Azərbaycan Universiteti binalarının təməli 2022-ci ildə hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Bakıda qoyulub. Universitetə tələbə qəbulu 2023-cü ildən magistr səviyyəsində həyata keçirilir. Hazırda burada tədris olunan 8 bakalavr və 2 magistr proqramında 538 tələbə bakalavr, 102-si isə magistr səviyyəsində təhsil alır. İxtisaslardan 3-ü ikili diplom proqramıdır. Tədris proqramları elektrik və elektronika mühəndisliyi, memarlıq, interyer və kommunikasiya dizaynı, şəhərsalma, kənd təsərrüfatı və qida texnologiyaları, heyvandarlıq və müxtəlif menecment ixtisaslarını əhatə edir. Bakalavr və magistr proqramlarından əlavə, peşəkarlar üçün mütəmadi ixtisasartırma və sertifikat proqramları da həyata keçirilir.
Tədris korpuslarında sinif otaqları ilə yanaşı, müasir texnologiyalara əsaslanan, İtaliyanın Bolonya Universiteti və Milan Politexnik Universiteti ilə birgə qurulmuş 6 tədqiqat və 7 tədris məqsədli laboratoriya da fəaliyyət göstərəcək. Burada memarlığa aid materiallardan ibarət kitabxana, şəhərsalma, landşaft və foto-video studiyaları, müxtəlif dizayn emalatxanaları yerləşir. Yeni binalarda qurulmuş tədris emalatxanası isə dərslərin praktiki tədrisi üçün bir məkandır. Burada müxtəlif növ materiallarla işləmək üçün texnoloji və rəqəmsal imkanlar yaradılıb.
Tədris korpusunda yerləşən “bazar meydanı” isə Azərbaycanın tarixi “İpək Yolu”nun bir hissəsi olduğunu əks etdirir. Universitetin tələbələri və müəllimləri ildə bir dəfə burada bir araya gələrək öz layihələri ilə yarışacaq və onları biznes mühitinə təqdim edəcəklər. Bu sərgilər yerli və beynəlxalq səviyyədə universitet-sənaye-dövlət arasında üçtərəfli əməkdaşlığa xidmət göstərəcək.
Bu layihənin icrası ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olmaqla səmimi münasibətlərimizdən xəbər verir. Bu, həmçinin İtaliya təcrübəsindən istifadə etməklə Azərbaycan təhsilinin inkişafına töhfədir.
Sosial və xüsusi fənlər kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Təranə Əkbəri
