30 sentyabrda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında yaradılan Uşaq Səfirlər Məclisinin Şamaxı rayon nümayəndələrinin təşəbbüsü, Şamaxı Rayon İcra Hakimiyyəti və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında (ADPU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suverenliyin izi ilə” adlı tədbir keçirilib.
Tədbir çərçivəsində əvvəlcə iştirakçılara “Zəfərin Suverenlik zirvəsi” adlı videoçarx nümayiş olunub. Daha sonra filialın Sosial və xüsusi fənlər kafedrasının əməkdaşları müxtəlif mövzularda çıxış ediblər. Dosent Mayıl Alıcanov “Azərbaycanın Suverenliyə gedən yolu – tarix və reallıq”, dosent Sevinc Qasımova “44 günlük müharibə və tarixi qələbəmiz”, dosent Zərifə Cavadova “Zəfərə açılan qapı: Aprel döyüşləri”, baş müəllim Babək Abdullayev “Qarabağda Antiterror əməliyyatları və ədalətin bərpası”, kafedranın müəllimi,Tələbə Elmi Cəmiyyətinin sədri Süsən Cəbrayılova isə “Tarixi Zəfərdən Qarabağa qayıdış” mövzularında şagirdlərə ətraflı məlumat veriblər.
Çıxışlardan sonra mövzular ətrafında geniş müzakirələr aparılıb, şagirdlərin sualları filialın müəllimləri tərəfindən cavablandırılıb.
Tədbirdən sonra filialın direktoru, dosent Tünzalə Yusifova şagirdlərlə görüşüb, onların çıxışlarını və fəallığını yüksək qiymətləndirib, gələcək təhsil və fəaliyyətlərində uğurlar arzulayıb. O, həmçinin regionun yeganə ali təhsil müəssisəsi kimi qazandığı uğurlar barədə şagirdləri məlumatlandırıb.
Görüş çərçivəsində şagirdlər filialın fəaliyyəti, tədris prosesi və maddi-texniki bazası ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Belə görüşlər gənclərdə vətənpərvərlik duyğularının gücləndirilməsinə, milli-mənəvi dəyərlərə bağlılıq hissinin möhkəmlənməsinə və eyni zamanda gələcək təhsil seçimlərinə müsbət təsir göstərir.












