Sosial və xüsusi fənlər kafedrasının

Dosenti Alıcanov Mayıl Sədyar oğlu

Azərbaycanın müasir tarixində 27 sentyabr xüsusi yeri olan bir gündür. 2020-ci ildə başlanan və xalqımızın tarixi Zəfəri ilə nəticələnən 44 günlük Vətən müharibəsinin ilk günü – 27 sentyabr Azərbaycan Respublikasında Anım Günü kimi təsis olunmuşdur. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə hər il bu gün şəhidlərimizin xatirəsinə ehtiramla qeyd edilir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev bu barədə çıxışlarında vurğulamışdır: “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.”

Bu sözlər bir daha göstərir ki, Anım Günü yalnız yas deyil, həm də xalqımızın mübarizəsini, milli həmrəyliyini və qürurunu ifadə edir.

Azərbaycan xalqına qarşı düşmənçilik siyasəti hələ XIX əsrdə ermənilərin çar Rusiyası tərəfindən Qarabağa köçürülməsindən sonra başlamışdır. Sonrakı illərdə ermənilər toponimləri dəyişdirərək, əraziləri zəbt edərək və yerli əhalini sıxışdıraraq uzunmüddətli işğalçılıq siyasəti yürütmüşlər.

1905-1907-ci, 1918-1920-ci illərdə erməni silahlı dəstələri İrəvanda, Zəngəzurda, Göyçədə, Naxçıvanda, Şamaxıda, Qubada və digər bölgələrdə kütləvi qətliamlar törətmiş, yüz minlərlə dinc azərbaycanlı qətlə yetirilmişdir. 1948-1956-cı illərdə 150 minə yaxın azərbaycanlı öz dədə-baba yurdlarından deportasiya olunmuşdur. 1987-ci ildən isə daha 300 min soydaşımız Ermənistan ərazisindən zorla qovulmuş və bu dövlət monoetnik xarakter almışdır.

1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımı erməni vəhşiliyinin ən qanlı səhifəsidir. 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qocanın xüsusi qəddarlıqla qətlə yetirilməsi Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur.

Birləşmiş Millətlər Təşkilatı (BMT) işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Belə ki, Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir.

2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermiş və xalqın illərlə gözlədiyi haqq savaşı başlamışdır.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun  3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksək, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Azərbaycan hərbi qüdrətini sübut etdi.

Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycana qaytarıldı. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Biz şəhidlərin qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. Bu Qələbə yalnız hərbi deyil, həm də siyasi-diplomatik uğur kimi tarixə düşdü.

Müharibə dövründə xalqımız “öldü var, döndü yoxdur” şüarı ilə birləşərək orduya mənəvi dəstək verdi. Milli iradə, milli ləyaqət və birliyimiz qələbənin əsas təminatçısı oldu.

Qəhrəmanlıq, Anım Günü və Dövlət Qayğısı

44 günlük müharibədə 2908 hərbçimiz şəhid oldu. Onların fədakarlığı sayəsində Azərbaycan xalqı qalib millətə çevrildi. Dövlət bu qəhrəmanlığın əbədiləşdirilməsi üçün mühüm addımlar atdı:

  • 27 sentyabr – Anım Günü təsis olundu;
  • Şəhid ailələri və qazilər üçün geniş sosial dəstək proqramları həyata keçirildi;
  • “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olundu;
  • Zəfər parkı və Memorial Kompleksi yaradıldı;
  • “YAŞAT” Fondu vasitəsilə qazilərə və şəhid ailələrinə sosial dəstək göstərildi.

Bütün bu tədbirlər dövlətin öz qəhrəman övladlarının yanında olduğunu göstərir.

27 sentyabr – Anım Günü Azərbaycan xalqının milli yaddaşında kədər və qürurun vəhdəti kimi qalır. Bu gün biz şəhidlərimizin müqəddəs xatirəsini yad edir, qazilərimizə ehtiram göstəririk. Onların fədakarlığı nəticəsində Azərbaycan tarixinin ən böyük qələbələrindən biri əldə olundu.

Vətən müharibəsində Qələbə münasibətilə medal və ordenlərin təsis olunmuşdur. Yeni medal və ordenlərin Qələbənin əbədiləşdirilməsi və iştirakçılara ayrılan ali diqqətin təcəssümüdür. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar. Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni – “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olunub.

Anım Günü gələcək nəsillərə vətənpərvərlik nümunəsi kimi ötürüləcək, şəhidlərin igidliyi daim xatırlanacaq. Azərbaycan xalqı bundan sonra da qalib dövlət, müzəffər xalq kimi yaşayacaq və işğaldan azad edilmiş torpaqlarında quruculuq işlərini davam etdirəcəkdir.