27 Sentyabr Anım Gününün beşinci ildönümü münasibətilə Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının birgə təşkilatçılığı ilə Anım Gününün beşinci ildönümünə həsr olunmuş “Anım günü Milli Qürur Günümüzdür!” mövzusunda tədbir keçirilib.
Tədbirdə fəxri qonaqlar sırasında şəhid valideynləri – Şəhid Babaşov Anarın anası Güllü Babaşova, Şəhid Ağakərimov Elvinin anası Xədicə Ağakərimova, Şəhid Zərbalıyev Ziyadın anası Pakizə Zərbalıyeva, Şəhid Nəbiyev Orxanın atası Rza Nəbiyev, Şəhid Amanalıyev Tərlanın atası Rövşən Amanalıyev, Şəhid Manafov Zahirin atası Zakir Manafov, Şəhid Zəkərəyev Nazimin atası Nadir Zəkərəyev yer alıb.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Ardınca Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Salamlama nitqi ilə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov 27 Sentyabr Anım Gününün xalqımızın yaddaşına əbədi həkk olunduğunu, bu tarixin həm hüzn, həm də böyük bir qürur simvoluna çevrildiyini vurğulayıb. O bildirib ki, 2020-ci ilin Vətən müharibəsində Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük bir tarixi zəfərə imza atdı: “Bu gün biz şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik. Onların fədakarlığı nəticəsində biz torpaqlarımızı işğaldan azad etdik, ərazi bütövlüyümüzü təmin etdik. Bu Zəfər təkcə hərbi sahədə deyil, siyasi və mənəvi sahədə də xalqımızın gücünü, birliyini, iradəsini göstərdi.” Tahir Məmmədov şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söz açaraq qeyd edib ki, Azərbaycan dövləti daim onların yanındadır və bu istiqamətdə atılan addımlar davamlı xarakter daşıyır. O, çıxışının sonunda şəhid ailələrinə minnətdarlığını ifadə edib, şəhidlərin adlarının daim uca tutulacağını bildirib.
Daha sonra ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova tədbir iştirakçılarını və qonaqları salamlayaraq qeyd edib ki, 27 Sentyabr Anım Günü Azərbaycan xalqı üçün təkcə hüzn deyil, həm də böyük qürur günüdür. Bu tarix xalqımızın azadlıq və ədalət uğrunda göstərdiyi mübarizənin, əzmkarlığın və qəhrəmanlığın simvoluna çevrilmişdir: “Vətən müharibəsində canlarını fəda edən şəhidlərimiz bu xalqın mərd, vətənpərvər və yenilməz ruhunun canlı təcəssümüdür. Onların xatirəsi qarşısında baş əyirik və əminliklə deyirik ki, bu xatirə daim yaşayacaq.” Tünzalə xanım bildirib ki, Vətən müharibəsində ADPU-nun Şamaxı filialının iki məzunu şəhidlik zirvəsinə ucalıb, onlarla məzun isə ön cəbhədə döyüşlərə qatılıb. Bu gənclər yalnız ailələrinin deyil, bütün xalqımızın fəxridir. Onların adları filialımızın tarixində həmişəlik yaşayacaq.
Daha sonra çıxış edənlər- YAP Şamaxı rayon təşkilatının sədri, Tural Qasımlı, Şəhid Nəbiyev Orxanın atası Rza Nəbiyev, Sosial və xüsusi fənlər kafedrasının dosenti Sübhan Talıblı, Pedaqogika və psixologiya kafedrasının müəllimi, ehtiyatda olan zabit Aydın Adilxanov, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı bölgəsi üzrə qazisi Mərəhməd Mustafayev bildirdilər ki, 27 Sentyabr Azərbaycan xalqının tarixində dönüş nöqtəsi oldu. Bu gün azad torpaqlarımızın hər qarışı uğrunda canını fəda edən şəhidlərimizin müqəddəs ruhu qarşısında hər bir vətəndaş vicdan və vəfa borcu daşıyır.
Tədbirin bədii hissəsində Mahirə Nağıqızının müəllifi olduğu “Salam olsun!” şeiri səsləndirilib. Şeiri İbtidai sinif müəllimliyi ixtisasının tələbəsi Günay Həsənova və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının tələbəsi Qəfər Sadıqov səsləndiriblər.
Tədbir iştirakçıları Anım Gününün xalqımız üçün yalnız hüzn deyil, həm də qürur günü olduğunu vurğulayıblar. Şəhidlərimizin igidliyi və fədakarlığı gələcək nəsillərə örnək olaraq daim yad ediləcəkdir.











