Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 2025/2026-cı tədris ili üzrə yeni qəbul olunan tələbələr üçün “Oriyentasiya günü” təşkil olunub. Tədbirin əsas məqsədi birinci kurs tələbələrinin ali məktəb mühitinə inteqrasiyasını asanlaşdırmaq, onları universitetin strukturu, təhsil prosesi, tələbə hüquqları və imkanları barədə ətraflı məlumatlandırmaq olub.
Tədbirdə filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini, psixologiya üzrə fəlsəfə doktoru Şəlalə Seyidova çıxış edərək, ADPU Şamaxı filialının tarixi inkişaf yolu, ümumi fəaliyyəti, fakültə və kafedralar, həmçinin inzibati və akademik heyət barədə ətraflı məlumat verib. O, eyni zamanda tələbələr üçün yaradılmış şərait, müasir tədris və texniki avadanlıqlarla təmin edilmiş auditoriyalar, kitabxana və digər maddi-texniki baza barədə geniş danışıb. Şəlalə Seyidova tələbə təşkilatlarının – o cümlədən Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Həmkarlar İttifaqı Komitəsi və digər könüllü fəaliyyət platformalarının rolu və əhəmiyyətini xüsusi vurğulayıb.
Daha sonra Pedaqoji fakültənin dekanı, baş müəllim Qahirə Şahbazova çıxış edərək, tədris prosesi, ixtisas fənləri, dərs cədvəllərinin təşkili, qiymətləndirmə meyarları, praktikalar, imtahan prosedurları və tyutor xidmətləri haqqında ətraflı məlumat verib. O, tələbələrə müasir təhsil tələblərinə cavab verən bir mühitdə təhsil aldıqlarını bildirərək, təhsildə məsuliyyətli və aktiv olmağa çağırıb.
“Oriyentasiya günü” tələbələr tərəfindən maraqla qarşılanıb və onların universitet həyatına inamla başlaması üçün mühüm stimul yaradıb.


