Konstitusiya və Suverenlik ili çərçivəsində ADPU-nun Şamaxı filialında “Suverenliyimiz – Gücümüz və Qürurumuzdur!” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə filialın direktoru, dosent Tünzalə Yusifova açaraq ölkəmizin müstəqillik və suverenlik tarixindən, bu dəyərlərin Azərbaycan xalqı üçün əhəmiyyətindən danışmış, milli birliyin və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində suverenliyin rolunu vurğulamışdır. O, çıxışında həmçinin 2020-ci ildə qazanılmış Zəfərin, 44 günlük Vətən müharibəsində qazanılan qələbənin, eləcə də 2023-cü ildə keçirilmiş lokal antiterror tədbirlərinin Azərbaycan Respublikasının suverenliyinin tam bərpa olunmasında əhəmiyyətini xüsusi qeyd etmişdir. Bildirilmişdir ki, bu uğurlar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqın birliyi və ordumuzun rəşadəti sayəsində əldə olunmuşdur.

Daha sonra Sosial və xüsusi fənlər kafedrasının dosenti Talıblı Sübhan “Suverenliyin bərpası və milli siyasi iradə” mövzusunda çıxış edərək Azərbaycanın müstəqillik yolunda keçdiyi siyasi mübarizə mərhələlərindən bəhs etmişdir.

Tədbirdə digər çıxışlar da dinlənilmişdir:

  1. Dosent Alıcanov Mayıl “Azərbaycanın suverenlik mübarizəsi keçmişdən bugünə” mövzusunda çıxış edərək müstəqilliyimizin bərpası uğrunda mübarizə tarixinə nəzər salmışdır.
  2. Fəlsəfə üzrə fəlsəfə doktoru, müəllim Mikayılov Şasəddin “Müstəqilliyimizin konstitusion əsasları” mövzusunda çıxış edərək Konstitusiyanın suverenliyin təminindəki rolunu vurğulamışdır.
  3. İbtidai sinif müəllimliyi ixtisasının III kurs tələbəsi Musazadə Pərvanə “Milli suverenlik və gənc nəsil: dəyərlərdən gələcəyə” mövzusunda çıxış edərək gənclərin vətənə bağlılığından danışmışdır.
  4. Məktəbəqədər təhsil ixtisası üzrə II kurs tələbəsi Əsgərova Zeynəb Nazim Zeynalovun “Odlar yurdum, Azərbaycan!” şeirini səsləndirmişdir.
  5. Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Cəbrayılova Nuranə Baba Vəziroğlunun “Vətən” şeirini ifa etmişdir.

Tədbir iştirakçıların fəal iştirakı ilə başa çatmış, Azərbaycan Respublikasının suverenliyinin, müstəqilliyinin və milli birliyinin əhəmiyyəti bir daha vurğulanmışdır.