Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 2025-ci il “Konstitusiya ili” çərçivəsində 15 sentyabr – Bilik günü münasibətilə tədbir təşkil olunub.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Filialın direktoru, dosent Tünzalə Yusifova açılış nitqi ilə çıxış edərək yeni tədris ilində birinci kurs tələbələrini təbrik edib, onların həyatında mühüm mərhələ olan tələbəlik yolunda uğurlar arzulayıb. O, həmçinin “Konstitusiya ili”nin əhəmiyyətini vurğulayaraq tələbələri milli-mənəvi dəyərlərə sadiq qalmağa, vətənpərvərlik ruhunu daim uca tutmağa və gələcək fəaliyyətlərində bilik və bacarıqlarını cəmiyyətin inkişafına yönəltməyə çağırıb.
Tünzalə xanım çıxışında ölkəmizdə dövlət başçısının təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğını da qeyd edib. O, vurğulayıb ki, Azərbaycan Respublikasında həyata keçirilən genişmiqyaslı islahatlar, xüsusilə təhsil sahəsində ardıcıl olaraq atılan addımlar gənc nəslin hərtərəfli inkişafı üçün mühüm imkanlar yaradır və bu qayğı ADPU Şamaxı filialının gündəlik fəaliyyətində də özünü aydın göstərir.
Daha sonra yüksək nəticə göstərərək filialın tələbə sırasına qoşulan abituriyentlər – Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına 556,5 balla qəbul olan Hidayətli Zəhra Elvin qızı, Tarix müəllimliyi ixtisasına 511 balla qəbul olan Məmişova Aysel Əlimusa qızı çıxış edərək tələbə adını qazanmaq sevincini bölüşüb, valideynlərinin, müəllimlərinin və ali təhsil ocağının etimadını doğruldacaqlarına söz veriblər.
Qeyd edək ki, bu tədris ilində 7 ixtisas üzrə filiala qəbul olan 116 nəfər tələbə arasında yüksək ballı (300-500 bal arası 80 faiz) tələbələr çoxluq təşkil edir. Onlardan 4 nəfər isə 500-dən yuxarı bal toplayaraq filialı seçmişlər.
Tədbirdə həmçinin filialın Pedaqoji fakültəsinin dekanı çıxış edərək tələbələrə dərs cədvəli, tədris prosesi və daxili qaydalar barədə ətraflı məlumat verib.
Ardınca filialın direktoru, dosent Tünzalə Yusifova valideynlərlə görüş keçirərək ADPU-nun Şamaxı filialında mövcud olan imkanlar barədə geniş məlumat təqdim edib. O, filialda tələbələrin rahat və səmərəli təhsil alması üçün yaradılmış müasir və tələbəyönümlü tədris mühiti, şəffaf qiymətləndirmə sistemi və yüksək peşəkarlığa malik müəllim heyəti barədə danışıb.
Tünzalə xanım vurğulayıb ki, filialda hər bir tələbənin həm akademik, həm də sosial inkişafı üçün geniş imkanlar mövcuddur. Onların yaradıcılıq qabiliyyətlərinin, elmi-tədqiqat bacarıqlarının və sosial fəallığının inkişafı daim diqqət mərkəzində saxlanılır. O, valideynlərin övladlarının təhsil prosesinə dair suallarını cavablandırıb, tədris prosesi, fənlərin təşkili və tələbələr üçün yaradılmış əlavə imkanlar barədə ətraflı məlumat verib.
Valideynlər övladlarının məhz ADPU Şamaxı filialında təhsil alacağından qürur duyduqlarını ifadə edərək, filial rəhbərliyinə tələbələrə göstərilən qayğı və dəstəyə görə təşəkkürlərini bildiriblər.
Sonda qeyd olunub ki, 30 ildən artıqdır regionda yeganə ali təhsil müəssisəsi kimi fəaliyyət göstərən ADPU-nun Şamaxı filialı tələbələr və onların valideynləri üçün yüksək səviyyəli tədris mühiti və inkişaf imkanları yaratmaq istiqamətində fəaliyyətini uğurla davam etdirir.

