2025-ci il 11 sentyabr tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Elmi Şuranın yeni – 2025/2026-cı tədris ilinin ilk iclası geniş tərkibdə, professor-müəllim heyətinin iştirakı ilə keçirilmişdir.

İclası giriş sözü ilə açan filialın direktoru, Elmi Şuranın sədri dosent Tünzalə Yusifova kollektivi yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək onlara uğurlar arzulamış, ötən tədris ilində əldə olunan nailiyyətlər və görülmüş işlər barədə qısa məlumat vermişdir.

İclasın gündəliyində duran birinci məsələ – 2025/2026-cı tədris ilinə hazırlıq geniş şəkildə müzakirə olunmuşdur. Tədris şöbəsinin müdiri baş müəllim Ruqiyyə Babaşova çıxış edərək dərs cədvəllərinin tərtibi, tələbələrin qeydiyyat prosesi, auditoriyaların və digər tədris məkanlarının tədrisə hazır vəziyyətə gətirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və tədris resurslarının təmin olunması istiqamətində görülmüş işlər barədə məlumat təqdim etmişdir. Eyni zamanda, müəllim heyətinin dərs yükünün bölgüsü və yeni tədris vəsaitləri ilə təminat məsələləri də iclasda diqqət mərkəzində olmuşdur.

İclasda “Məktəbəqədər təhsil” ixtisası üzrə yaxın vaxtlarda keçiriləcək proqram akkreditasiyası ilə bağlı hazırlıq vəziyyəti də müzakirə olunmuşdur. Akkreditasiya meyarları, özünütəhlil hesabatının hazırlanması, müəllim heyətinin elmi-pedaqoji göstəriciləri, tədris resurslarının və infrastrukturun mövcud vəziyyəti haqqında məlumat verilmişdir. İştirakçılar akkreditasiyanın yüksək səviyyədə təşkili və uğurla həyata keçirilməsi məqsədilə görülməsi vacib olan tədbirlər barədə fikir mübadiləsi aparmışlar.

Bununla yanaşı, iclasda “İbtidai təhsil” ixtisası üzrə keçirilmiş proqram akkreditasiyası zamanı Akkreditasiya Komissiyası tərəfindən verilmiş tövsiyələrin icrası istiqamətində görülmüş işlər barədə də məlumat təqdim olunmuşdur. Bildirildi ki, tövsiyələrə uyğun olaraq tədris proqramlarının yenilənməsi, fənn silabuslarının təkmilləşdirilməsi, müəllim heyətinin peşəkar inkişafı üçün təlimlərin təşkili, tədris infrastrukturunun gücləndirilməsi və tələbələrin praktik hazırlıq imkanlarının artırılması istiqamətində konkret addımlar atılmışdır.