Müəllif: Sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d. Şəlalə Seyidova

 

III Şuşa Qlobal Media Forumu Prezident İlham Əliyevin dünyada baş verən dəyişikliklər, Azərbaycanın qlobal siyasətdəki mövqeyi və gələcək inkişaf prioritetləri ilə bağlı əhatəli və strateji yanaşmaları ilə yadda qaldı. Forumda dövlət başçısı Azərbaycanın regional və beynəlxalq miqyasda artan rolunu vurğulamaqla yanaşı, həm ölkənin daxili inkişafını, həm də qlobal çağırışlara verdiyi cavabları analitik aspektdə təqdim etdi.

Prezident İlham çıxışında Əliyev Qarabağ bölgəsində aparılan bərpa və yenidənqurma işlərinin miqyasına diqqət çəkdi. O, Şuşanın və Xankəndinin artıq yeni sima qazandığını, bu prosesin ölkə üçün strateji əhəmiyyət daşıdığını vurğuladı. Qarabağın dirçəlişi yalnız tarixi ədalətin bərpası deyil, həm də Azərbaycanın iqtisadi və mədəni potensialının genişləndirilməsi baxımından mühüm addımdır. Qısa müddətdə bərpa olunan yollar, elektrik xətləri, su və qaz infrastrukturunun regionun sosial-iqtisadi inkişafına yeni nəfəs gətirdiyi qeyd edildi.

Prezident çıxışında həmçinin Özbəkistanın Qarabağın bərpasına verdiyi dəstəyin nümunəvi olduğunu xüsusi vurğuladı. Özbəkistan Prezidenti Şavkat Miromonoviçin təşəbbüsü ilə Füzulidə inşa olunan 960 şagirdlik məktəb qardaşlıq münasibətlərinin real göstəricisi kimi qiymətləndirildi.

Prezident İlham Əliyev COP29-un Bakıda keçirilməsini ilin ən mühüm hadisələrindən biri kimi dəyərləndirdi. 197 ölkənin qatıldığı bu mötəbər tədbirin Azərbaycanın ekoloji sahədəki lider mövqeyini təsdiqlədiyi vurğulandı. Dövlət başçısı yaşıl enerji siyasətinin prioritet istiqamətlərini açıqlayaraq 2030-cu ilə qədər 6 giqavat gücündə Günəş, külək və su elektrik stansiyalarının istismara veriləcəyini qeyd etdi.

Yaşıl enerji layihələri çərçivəsində Xəzər və Qara dənizin dibi ilə elektrik kabeli çəkilməsi planlarının həyata keçirilməsi Azərbaycanın həm Avropa, həm də Mərkəzi Asiya ölkələri ilə enerji əməkdaşlığını daha da gücləndirəcək. Prezident Azərbaycanın yalnız öz enerji təhlükəsizliyini təmin etməklə kifayətlənməyərək, həm də region üçün etibarlı enerji tranzit mərkəzinə çevrildiyini vurğuladı.

Çıxışın diqqətçəkən məqamlarından biri də Zəngəzur dəhlizi ilə bağlı açıqlamalar oldu. Prezident bildirdi ki, bu dəhliz yalnız Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirmək üçün deyil, həm də beynəlxalq nəqliyyat marşrutlarının diversifikasiyası baxımından vacibdir. Yeni dəmir yolu və avtomobil yolu layihələri Azərbaycanın tranzit imkanlarını genişləndirir və ölkənin regional nəqliyyat-logistika mərkəzinə çevrilməsini təmin edir.

Eyni zamanda, Prezident vurğuladı ki, Ermənistanın bu prosesə mane olmaması vacibdir. Əks halda, Ermənistanın regional tranzit ölkə kimi rolu tamamilə sıfıra enə bilər. Azərbaycanın logistika sahəsinə qoyduğu sərmayələr, müasir liman və dəmir yolu infrastrukturu bu strategiyanın əsas dayaq nöqtələridir.

Qarabağ münaqişəsinin həllindən sonra Azərbaycanın xarici siyasət gündəliyində yeni prioritetlər formalaşıb. Prezident İlham Əliyev Azərbaycanın Qlobal Cənub və Qlobal Şimal arasında körpü rolunu uğurla icra etdiyini qeyd edərək, ölkəmizin beynəlxalq arenadakı nüfuzunun artdığını vurğuladı. COP29 çərçivəsində inkişaf etməkdə olan ölkələrə ayrılan maliyyə yardımları Azərbaycanın qlobal məsuliyyətini nümayiş etdirir.

Eyni zamanda, Prezident Qərb mediasında Azərbaycanın obyektiv təqdim olunmamasına da toxunaraq, beynəlxalq ictimaiyyəti həqiqi məlumatlandırmaq üçün daha çox birbaşa təmasların vacibliyini qeyd etdi. Şuşada və Xankəndidə keçirilən tədbirlərin bu baxımdan strateji əhəmiyyət daşıdığı vurğulandı.

Prezidentin çıxışında texnoloji inkişafın sürətləndirilməsi və süni intellekt sahəsində əməkdaşlıq mövzuları da geniş yer aldı. Azərbaycanın qabaqcıl texnologiyalar sektorunda lider şirkətlərlə əməkdaşlıq etdiyi, süni intellektin təhsil, idarəetmə və sənaye sahələrində tətbiqi üçün strateji planlar hazırladığı bildirildi.

Nəticə olaraq qeyd edə bilərik ki, III Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan qlobal dəyişikliklər fonunda həm öz inkişaf modelini formalaşdırır, həm də beynəlxalq əməkdaşlığa mühüm töhfələr verir. Prezident İlham Əliyevin çıxışı Azərbaycanın enerji, nəqliyyat, texnologiya və xarici siyasət sahələrindəki prioritetlərini aydın şəkildə ortaya qoydu. Qarabağın dirçəlişi, yaşıl enerji layihələri və yeni logistika marşrutları ölkənin yaxın onillikdə Cənubi Qafqazın lider dövlətinə çevriləcəyinin göstəricisidir.