Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında universitetin Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzi tərəfindən “Təhsil proqramı üzrə təlim nəticələrinin tətbiqi” mövzusunda təlim keçirilib.
Təlimin məqsədi ali təhsil müəssisələrində tətbiq olunan təhsil proqramlarının məzmununun və təlim nəticələrinin səmərəli şəkildə hazırlanması, fənn səviyyəsində uyğunlaşdırılması və matriks formasında sistemləşdirilməsi sahəsində müəllim heyətinin bilik və bacarıqlarını artırmaq olmuşdur.
Təlim mərkəzin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Xalidə Həmidova tərəfindən aparılıb. O, iştirakçılara mövzu ilə bağlı nəzəri və praktiki bilikləri təqdim edib, nümunələr əsasında geniş izahlar verib və metodoloji yanaşmalarla bağlı müzakirələr aparıb.
Təlim çərçivəsində aşağıdakı əsas istiqamətlər üzrə işlər görülüb:
- Bakalavriat səviyyəsində ixtisaslara dair təhsil proqramlarının təhlili;
- Məzmun kompetensiyalarının strukturunun və mahiyyətinin izahı;
- Təhsil proqramları və fənlər üzrə təlim nəticələrinin düzgün müəyyənləşdirilməsi yolları;
- Təlim nəticələrinin təhsil proqramı və fənn matrikslərində uyğun şəkildə əks etdirilməsi.
Təlim əyani formatda təşkil olunub və filialın müxtəlif ixtisasları üzrə pedaqoji heyəti aktiv şəkildə iştirak edib. Təlim boyu interaktiv fəaliyyətlər, sual-cavab sessiyaları və nümunə matriks üzərində birgə təhlillər aparılıb




