MİQ imtahanlarına hazırlıq üzrə təlimin nəticələri təqdim olundu
Tədris şöbəsi, Karyera mərkəzi və filialın müvafiq ixtisas kafedralarının birgə təşkilatçılığı ilə keçirilən “MİQ imtahanlarına hazırlığın pedaqoji və psixoloji əsasları” mövzusunda təlim uğurla başa çatıb. Təlimin yekun mərhələsində iştirakçılara nəticələr təqdim olunub və fəal iştirak edən, qiymətləndirmə mərhələsindən uğurla keçən tələbələrə sertifikatlar təqdim edilib.
Təlimin əsas məqsədi gələcək müəllimlərin müəllimlərin işə qəbulu (MİQ) imtahanlarına daha məqsədyönlü və sistemli şəkildə hazırlaşmasına dəstək olmaq, onların bilik və bacarıqlarını müasir tələblər çərçivəsində təkmilləşdirmək, pedaqoji və psixoloji yanaşmalarla hazırlıq prosesini dərinləşdirmək idi. Təlim çərçivəsində iştirakçılara test strategiyaları, dərs nümunələrinin tərtibi, sinif idarəetməsi, psixoloji hazırlıq metodları, stressin idarə olunması və vaxt bölgüsü kimi mühüm mövzular ətrafında nəzəri və praktik məlumatlar təqdim olunub.
Tədbirdə çıxış edən filialın direktoru dosent Tünzalə Yusifova təlim iştirakçılarını təbrik edərək onlara gələcək karyera yollarında uğurlar arzulayıb. O, bu kimi təşəbbüslərin tələbələrin peşəkar inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
“Biz istəyirik ki, məzunlarımız yalnız diplom deyil, həm də real əmək bazarına hazır bilik və bacarıqlarla təchiz olunmuş mütəxəssislər kimi addımlasınlar. Bu təlimlər sizlərin uğur yolunun başlanğıcıdır. Sizi təbrik edir və inanıram ki, gələcəkdə sizləri müəllim və psixoloq kimi təhsil sistemində görmək bizə fəxr yaşadacaq.”