Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında müxtəlif ixtisaslar üzrə təhsil alan təcrübəçi tələbələr öz pedaqoji təcrübələri çərçivəsində Şamaxı şəhər S.M.Qənizadə adına 1 nömrəli tam orta məktəbdə bir sıra maarifləndirici və interaktiv tədbirlər həyata keçiriblər.
Belə ki, Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr tərəfindən məktəbdə “Elm dünyasına səyahət” adlı maraqlı və biliklərlə zəngin tədbir təşkil olunub. Tədbirin əsas məqsədi məktəblilərdə elmə maraq oyatmaq, onların məntiqi təfəkkürünü inkişaf etdirmək və müxtəlif sahələr üzrə biliklərini artırmaq olub. Tədbir çərçivəsində riyaziyyat və informatika elmlərinə dair maraqlı təqdimatlar, eksperimentlər, intellektual oyunlar və interaktiv sual-cavab sessiyaları keçirilib.
Digər tərəfdən, Tarix və Coğrafiya müəllimliyi ixtisası üzrə təhsil alan təcrübəçi tələbələr 28 May – Müstəqillik Gününə həsr olunmuş intellektual yarış təşkil ediblər. Yarışda şagirdlər Azərbaycanın tarixi, coğrafiyası və dövlətçilik ənənələri ilə bağlı suallara cavab verərək öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Tədbirin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu gücləndirmək, milli tariximizə olan marağı artırmaq və Müstəqillik Gününün əhəmiyyətini gənc nəslə çatdırmaq olub.
Hər iki tədbir iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb, həm təcrübəçi tələbələr, həm də məktəblilər üçün faydalı və yadda qalan bir təcrübə olub. Bu cür təşəbbüslər gələcək müəllimlərin peşəkar inkişafına töhfə verməklə yanaşı, məktəblilərin təhsil marağını da stimullaşdırır.









