Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, maarifçi şair Seyid Əzim Şirvaninin 190 illiyi münasibətilə keçirilən “Aləmdə səsim var mənim…” Respublika elmi konfransı uğurla başa çatdı. Möhtəşəm açılış mərasimindən sonra konfrans öz işini filialda bölmə iclasları ilə davam etdirdi. Konfransın bölmə iclaslarında Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov, Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, Quba filialının direktoru professor Yusif Alıyev və Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova da iştirak etdilər. İlk olaraq filialın şəhid məzunlarının şərəfinə yaradılan guşə ziyarət edilərək onların əziz xatirəsi yad olundu.
Daha sonra qonaqlar filialın tələbələri ilə görüşərək onlarla səmimi və maarifləndirici müzakirələr apardılar.
Konfrans çərçivəsində bölmələrdə (Ədəbiyyatşünaslıq, Dilçilik və onun aktual problemləri, Tarix və coğrafiya elmləri, Pedaqogika, Psixologiya, Təbiət və texniki elmlər) məqalələrin dinlənilməsi və müzakirəsi baş tutdu. Qeyd olunduğu kimi, konfransa ölkənin müxtəlif elm və təhsil ocaqlarında 200-dən artıq elmi məqalə təqdim olunmuşdu. Bölmələrdə dinlənilən məruzələrlə yaxından tanış olundu, çıxış edən tədqiqatçılarla elmi fikir mübadiləsi aparılaraq təqdim olunan mövzuların aktuallığı vurğulandı.
Bölmə iclasları başa çatdıqdan sonra konfrans çərçivəsində xüsusi yekun görüş keçirildi. Görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, professor Yusif Alıyev də iştirak etdi. Görüşün əsas məqsədi bölmə rəhbərlərinin hesabatlarını dinləmək, ümumi təəssüratları bölüşmək və konfransın elmi nəticələrini dəyərləndirmək idi.
Bölmə sədrləri təqdim etdikləri hesabatlarda konfransın yüksək təşkilatçılıq səviyyəsini və iştirakçıların elmi hazırlığını vurğuladılar. Çıxışlarda qeyd olundu ki, təqdim olunan məqalələr yalnız Seyid Əzim Şirvaninin ədəbi və maarifçi irsini deyil, həm də digər elm sahələrinə uyğun aktual mövzuları əhatə edirdi.
Yekun görüş zamanı çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova konfransın yüksək səviyyədə təşkili və məzmunlu müzakirələrlə yadda qaldığını vurğuladı. O, çıxışında belə mötəbər tədbirlərin keçirilməsinə xüsusi dəstəyini əsirgəməyən ADPU-nun rektoru, professor Cəfər Cəfərova xüsusi minnətdarlığını ifadə etdi.
Professor Yusif Alıyev öz çıxışında konfransı yüksək qiymətləndirərək qeyd etdi ki, konfransın bölmələrinin müxtəlif elm sahələrini əhatə etməsi təqdirəlayiqdir. O, eyni zamanda bölmələrdə dinlənilən məruzələrin bir çoxunun nəinki elmi, həm də tədris baxımından dəyərli materiallar olduğunu vurğuladı. O, həmçinin filiallararası əlaqələrin güclü qurulduğunu qeyd edərək bu gün həyata keçirilən bütün tədbirlərin müasir tələblərə uyğun ali təhsil mühitinin qurulmasına xidmət etdiyini vurğuladı.
Görüş zamanı professor Yusif Alıyev zəngin elmi dəyərə malik əsərlərini də filialın kitabxana fonduna və gənc tədqiqatçılara hədiyyə etdi.
Yekunda konfrans iştirakçıları, təşkilatçılar və bölmə sədrlərinə təşəkkür ifadə olundu, və təqdim olunan məqalələrin bir araya gətirilərək nəşr olunacağı bildirildi.












