Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsinin dekanı, professor Qızxanım Qəhrəmanova və fakültənin təcrübəli müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Gülşən Eminova ADPU-nun Şamaxı filialının qonağı oldular. İlk olaraq qonaqlar filialın Şəhid məzunlarının şərəfinə yaradılmış guşəni ziyarət etdilər. Səfərin əsas məqsədi universitet və filiallar arasında əməkdaşlığın möhkəmləndirilməsi çərçivəsində pedaqoji yeniliklərin və qabaqcıl təcrübələrin yayılması oldu. Bu məqsədlə filialda elmi-metodik mühazirə və seminar təşkil edildi.

İnteraktiv mühazirə zamanı müasir tədris modelləri, kurikulumun tətbiqi, ibtidai sinif müəllimlərinin peşəkar inkişaf istiqamətləri və tədrisin keyfiyyətinə təsir göstərən amillər barədə əhatəli məlumatlar təqdim olundu. Tələbələr təqdim edilən nəzəri bilikləri diqqətlə dinləyərək, müxtəlif istiqamətlər üzrə suallar verməklə elmi diskussiyalarda fəal iştirak etdilər.

Seminar çərçivəsində interaktiv mühitdə fikir mübadiləsi aparıldı, qrup işi və praktiki tapşırıqlar formatında fəaliyyətlər yerinə yetirildi. Tələbələr seminarda yüksək fəallıq və yaradıcılıq nümayiş etdirdilər, innovativ tədris yanaşmaları ilə bağlı ideyalar irəli sürdülər. Onların bu təşəbbüskarlığı tədbirin əsas diqqət mərkəzinə çevrildi.

Görüşdə Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova ADPU-nun rektoru professor Cəfər Cəfərova filiallara göstərdiyi xüsusi diqqət və dəstəyə görə təşəkkürünü bildirdi. O, görüşdə iştirak etdiklərinə görə professor Qızxanım Qəhrəmanovaya və fəlsəfə doktoru Gülşən Eminovaya da minnətdarlığını ifadə etdi. Dosent Tünzalə Yusifova keçirilən mühazirə və seminarların elmi-metodiki baxımdan əhəmiyyətini vurğulayaraq, təqdim olunan dərslərin məzmununu, təşkilini və tələbələrin fəallığını yüksək dəyərləndirdi.

Professor Qızxanım Qəhrəmanova öz çıxışında dərslərin yüksək səviyyədə təşkil olunmasında əsas pay sahibi olan İbtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrə təşəkkürünü bildirdi. O, qeyd etdi ki, filial rəhbərliyi tərəfindən yaradılan təlim mühiti, peşəkar professor-müəllim heyəti və müasir standartlara uyğun tədris infrastrukturu tələbələrin bilik və bacarıqlarının inkişafında mühüm rol oynayır.

ADPU-nun Şamaxı filialı bu kimi təşəbbüslərlə özünü davamlı inkişaf edən, elmi əməkdaşlığa və pedaqoji yeniliklərə açıq bir təhsil müəssisəsi kimi təqdim etməkdədir. Gələcəkdə də qabaqcıl təcrübələrin öyrənilməsi və yayılması istiqamətində bu cür fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.