ADPU-nun Şamaxı filialında Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr üçün xüsusi təşkil olunmuş növbəti təlim sessiyaları uğurla baş tutdu. Sessiyalar, Sosial və xüsusi fənlər kafedrasının müəllimləri – Qasımova Yaqut Qulu qızı və Cəbrayılova Süsən Eyvaz qızı və tərəfindən aparıldı.
Təlimin əsas məqsədi tələbələrin müəllimlərin işə qəbulu (MİQ) imtahanına hazırlıq prosesinə dəstək göstərmək, onları imtahanın strukturu və məzmunu ilə yaxından tanış etmək, eyni zamanda onların nəzəri biliklərini praktikaya tətbiq etməyə təşviq etmək idi.
Sessiyalar zamanı əvvəlcə Tarix fənni üzrə MİQ imtahan proqramı haqqında ətraflı məlumat verildi. Təlim iştirakçılarına imtahanın çərçivə sənədi təqdim olundu, müxtəlif tipli sual nümunələri göstərilərək onların izahı aparıldı. Bundan əlavə, imtahan sonrası mərhələlərdən biri olan müsahibə mərhələsi haqqında da ətraflı danışıldı və müsahibə zamanı qarşıya çıxa biləcək mövzular diqqətə çatdırıldı.
Coğrafiya fənni üzrə keçirilən hissədə isə analoji şəkildə MİQ imtahan proqramının əsas məqamları izah edildi. Tələbələrə bu fənn üzrə sual strukturları və qiymətləndirmə meyarları ətraflı şəkildə təqdim olundu.
Təlimin davamında tələbələr nümunəvi sınaq testləri üzərində işləyərək əldə etdikləri nəzəri bilikləri tətbiq etmək imkanı qazandılar. Praktiki fəaliyyətlər iştirakçılarda öyrəndiklərini möhkəmləndirməyə və biliklərini real imtahan şəraitində necə tətbiq edəcəklərini görməyə kömək etdi.
Sessiya boyunca tələbələri maraqlandıran bütün suallara müəllimlər tərəfindən ətraflı və aydın cavablar verildi. Təlimin sonunda tələbələr bu cür maarifləndirici və motivasiyaedici sessiyaların davamlı olmasının önəmini vurğuladılar və təşkilatçılara təşəkkürlərini bildirdilər.
Bu cür təlimlər, gələcəyin müəllimlərinin peşəkar inkişafına və MİQ imtahanında uğur qazanmalarına mühüm töhfə verməkdə davam edir.







