Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) nümayəndələri ilə görüş keçirilib. Görüşdə agentliyin İdarə Heyətinin sədri Tural Əhmədov, Akkreditasiya və lisenziya şöbəsinin müdiri Samir Quliyev və əməkdaşları Firuzə Məmmədzadə, Faina Qaçabəyova, Təlim və metodologiya şöbəsinin müdiri Elçin Cəfərov, filialın bütün kollektivi, TKTA tərəfindən filialın tələbələri arasından müsabiqə əsasında seçilmiş “Keyfiyyət elçiləri” və filialın xarici maraqlı tərəfləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan filialın direktoru dosent Tünzalə Yusifova qonaqları salamlayaraq onların səfərinin əhəmiyyətindən bəhs edib. O, rəhbərlik etdiyi təhsil müəssisəsində tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, daxili keyfiyyət təminatı sistemlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Daha sonra TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov çıxış edərək agentliyin fəaliyyət istiqamətləri, akkreditasiya meyarları və təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən təşəbbüslərdən danışıb. O, tələbələrin təhsildə keyfiyyət təminatında iştirakının vacibliyini vurğulayaraq, bu istiqamətdə həyata keçirilən layihələri diqqətə çatdırıb.

Çıxışlar zamanı həmçinin agentliyin digər nümayəndələri – Akkreditasiya və lisenziya şöbəsinin müdiri Samir Quliyev, Təlim və metodologiya şöbəsinin müdiri Elçin Cəfərov da öz sahələri üzrə çıxış edərək təhsildə keyfiyyətə dair praktiki nümunələr və aktual məsələlərə toxunublar.

Tədbirin növbəti hissəsində “Keyfiyyət elçiləri” – filialın Riyaziyyat və informatika müəllimliyi ixtisasının 5-ci tədris ili tələbəsi Tahirə Hüseynova, İbtidai sinif müəllimliyi ixtisasının 3-cü tədris ili tələbələrindən Ülviyyə Əliyeva və Nigar Korçayeva çıxış edərək təhsilalanların keyfiyyət təminatı prosesində rolu, onların təşəbbüskarlığı və məsuliyyət daşıması barədə fikirlərini bölüşüblər.

Görüş qarşılıqlı fikir mübadiləsi və geniş müzakirələrlə davam edib. Müəllimlər, tələbələr və TKTA nümayəndələrinin iştirakı ilə keçirilən interaktiv sessiyada təhsildə keyfiyyətin artırılması, akkreditasiya, təhsilalanların iştirakçılığı və digər məsələlərlə bağlı suallar cavablandırılıb, təkliflər səsləndirilib.

Görüşdən sonra TKTA nümayəndələri filialın maddi-texniki bazası, tədris auditoriyaları, laboratoriyalar, kitabxana və digər infrastrukturla tanış olublar. Qonaqlara filialın fəaliyyəti, tədris və elmi mühiti, tələbələrə yaradılan şərait barədə ətraflı məlumat verilib. Filial rəhbərliyi tərəfindən həyata keçirilmiş yeniliklər və layihələr nümayiş etdirilib.

Sonda filialın rəhbəri bir daha bu görüşünün Şamaxı filialı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, qonaqlara öz təşəkkürünü bildirdi.