Sosial və xüsusi fənlər kafedrasının müəllim

Zərifə Mahmud qızı Həmidova

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 2-də Azərbaycana səfəri ölkələr arasında əlaqələrə yeni müsbət təkan verəcəkdir.

Həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə apardığımız danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində – harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir.

Bildiyiniz kimi, keçən il Azərbaycan COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi etmişdir. Bu istiqamət üzrə də bizim Almaniya ilə çox fəal əməkdaşlığımız olub. COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir və bu konfrans böyük, uğurlu nəticələrlə zəngin idi. İştirak etməyən yeganə ölkə Ermənistan olmuşdur. Bu da təbii olaraq təəssüf hissi doğurur. Çünki xüsusilə indiki şəraitdə – Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir zamanda Ermənistan tərəfinin bu beynəlxalq konfransı boykot etməsi başadüşülən deyildi. Bu gün bu məsələ də müzakirə olundu və Azərbaycanın mövqeyi Almaniya tərəfinə çatdırılmışdır.

Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir. Bizim xalqımız etnik təmizləməyə məruz qalmışdır. Bir milyon azərbaycanlı erməni aqressiyasına görə evsiz-eşiksiz qalmışdır və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Məhz bu tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır. Hesab edirəm ki, bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır. Eyni zamanda, bu gün digər beynəlxalq məsələlər də müzakirə edildi, o cümlədən Amerika-Avropa İttifaqı gərginliyi, Rusiya-Qərb gərginliyi. Bütün bu məsələlər təbii olaraq bütün dünyaya təsir edir və səmimi fikir mübadiləsi aparmaq mənim üçün çox önəmli idi. Əminəm ki, bu səfərin çox müsbət nəticələri olacaqdır. İkitərəfli münasibətlərimizin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir. Əminəm ki, səfərin yekunları bizim ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir.

Almaniya Federativ Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 12 yanvar 1992-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 20 fevral 1992-ci il tarixində qurulmuşdur. Almaniyanın Azərbaycanda Səfirliyi 22 sentyabr 1992-ci  il tarixində açılmışdır.

Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoq mövcuddur, iqtisadiyyat və humanitar sahələrində geniş əməkdaşlıq həyata keçirilir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu (rəhbəri – Nurlan Həsənov) fəaliyyət göstərir. Almaniya Bundestaqında Almaniya-Cənubi Qafqaz parlament qrupu (sədri – Yohan David Vadeful, Xristian-Demokrat İttifaqı partiyası) Azərbaycanı da əhatə edir. İki ölkə arasında indiyə qədər 77 sənəd imzalanmışdır. Ticarət və investisiyalar üzrə Almaniya-Azərbaycan yüksək səviyyəli İşçi Qrup 5 may 2011-ci ildə təsis edilmişdir. İşçi qrupun indiyədək 9 iclası keçirilmişdir. 1-ci iclas 19-21 oktyabr 2011-ci ildə Berlində, sonuncu 9-cu iclas 10 fevral 2023-cü ildə Berlin şəhərində keçirilmişdir.

12 noyabr 2012-ci ildə Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatası təsis edilmişdir.

Bütün qeyd olunan addımlar Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında iqtisadi sahədə əməkdaşlıq münasibətlərinin zəngin ənənələrə dayandığını göstərir.