Ulu Öndər Heydər Əliyevin ideyaları işığında yetişən Azərbaycan gəncliyi

Sosial və humanitar məsələlər üzrə direktor müavini, baş müəllim Şəlalə Seyidova

Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənc nəslin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdə və qayğı ilə əhatə olunmaqdadır. Azərbaycan gəncləri azad və özünə güvənən ölkədə yaşayır. Gənclər öz gələcək həyatını düzgün müəyyən etmək və dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.

Gənclərə dövlət qayğısından danışarkən vurğulamalıyıq ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra Ümummilli lider Heydər Əliyev tərəfindən əsaslı şəkildə formalaşdırılmış gənclər siyasəti Azərbaycanın inkişafında mühüm rol oynadı. Ulu Öndər Heydər Əliyev, gəncliyi Azərbaycanın gələcəyi olaraq qiymətləndirərək, bu sahəyə xüsusi diqqət ayırmış və gənclərin inkişafı üçün hər bir şəraiti yaratmışdır. Onun gənclər siyasəti, təkcə gənclərin təhsil və inkişafına yönəlməmiş, həm də vətənpərvərlik, yüksək əxlaq və şəxsiyyət kimi dəyərlərin aşılanmasına xidmət etmişdir.

Dövlətin gənclər siyasəti hər zaman prioritet məsələ kimi Ulu Öndər Heydər Əliyevin nəzarətində olub. Hər iki hakimiyyəti illərində Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi kimi görən Ulu Öndər gənc nəslə qayğısını əsirgəməyib. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə isə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. 1994-cü il 26 iyulda Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması da müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətinin əlaqələndirilməsi məqsədini güdürdü. Bu, gənclərin ictimai-siyasi həyatda daha fəal iştirak etmələri üçün zəmin yaratdı və Ulu Öndərin imzaladığı bir çox sənədlər vasitəsilə gənclər siyasətinin məqsəd və prinsipləri, eləcə də təşkilati-hüquqi əsasları müəyyən olundu. Bu yanaşmalar, Azərbaycanın gənclərinin gələcək inkişafı üçün mühüm addımlar oldu.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirildi. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir.

Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanılmışdır. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Ulu Öndər tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb;

Ulu Öndərin digər mühüm addımı 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Qanununun təsdiqi ilə gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Gənclərlə bağlı aparılan hər bir islahatın əsasında dayanan və Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri də Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsidir. Ulu Öndər vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.”

Gənclərə göstərilən qayğı, onların dövlətin əsas qüvvəsinə çevrilməsi ilə nəticələnmiş, bu siyasət zamanla inkişaf edərək Prezident İlham Əliyevin rəhbərliyi altında yeni mərhələyə qədəm qoymuşdur.

Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi dərinləşib. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb;

2007-ci ilin “Gənclər ili” elan olunması, 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi, 2009-cu il iyunun 9-da “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi,2020-ci ilin “Könüllülər ili” elan edilməsi gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur.

Dövlət başçısı İlham Əliyev tərəfindən ötən müddət ərzində həmçinin aşağıdakı sənədlər təsdiq edilmişdir:

– “Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər);

– “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”;

– “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı;

– “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”;

– “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı;

– “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”.

Azərbaycan gənclərinin inkişafında Heydər Əliyev Fondunun misilsiz töhfəsi. Azərbaycanlı gənclərinin fərdi və peşəkar inkişafı naminə Heydər Əliyev Fondu aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir və minlərlə müxtəlif təyinatlı layihələri icra edir:

– elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirir;

– gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir;

– uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir;

– xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək edir.

Dövlətin gənclər siyasəti sahəsində aparılan kompleks işlərin özülündə hər zaman vətənpərvərlik hissinin tərbiyəsi dayanır. Bunun nəticəsidir ki, Vətən müharibəsi dövründə rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Vətən müharibəsi dövründə bizim gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular və müharibə zamanı gedən informasiya müharibəsində də Azərbaycan qalib gəldi. Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu gənlər arasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının da iki nəfər şəhid məzunu – Elgün Əzizov, Orxan Nəbiyev və Cənab Prezident tərəfindən təltif olunmuş onlarla müharibə iştirakçısı məzunları vardır.

İstedadlı və vətənpərvər gənclərə dövlət qayğısı. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. Gənclər bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə almalıdır. Yaradıcı və istedadlı gənclərin aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, eləcə də gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi üçün kompleks tədbir həyata keçirilir.;

Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin gənclərə olan xüsusi diqqəti və onların inkişafı üçün verdiyi tövsiyələr, Azərbaycanın gənc nəslinin intelektual və sosial cəhətdən inkişaf etməsinə zəmin yaratmışdır. Bu ideyalar işığında, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbələri də öz təhsil və fəaliyyətlərində böyük uğurlar əldə edirlər.

Filialın tələbələri yalnız akademik uğurlarla deyil, eyni zamanda cəmiyyətdə fəal iştirakla da seçilirlər. Onlar müxtəlif sosial, mədəni və elmi layihələrdə aktiv rol oynayaraq, Ulu Öndərin “Gənclərimiz gələcəyimizdirr” prinsipini yaşadırlar. Həmçinin, tələbələr bir sıra beynəlxalq və yerli tədbirlərdə öz bilik və bacarıqlarını nümayiş etdirərək, gənclərə verilən dəyərin əyani nümunəsi olurlar.

Üstəlik, filialın tələbələri yerli və milli səviyyədə təşkil olunan elmi konfranslar, sərgilər, müsabiqələr və digər intellektual fəaliyyətlərdə iştirak edərək, gənclərin təhsilinin və inkişafının nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiq edirlər.

Bu fəaliyyətlər, Şamaxı filialının tələbələrinin həm biliklərə, həm də cəmiyyətə xidmət etməyə olan sadiqliklərini göstərir, eyni zamanda Heydər Əliyevin gənclər siyasətinin işığında formalaşan Azərbaycan gəncliyinin müasir dövrün tələblərinə uyğun inkişafını təsdiqləyir. Təbii ki, tələbələrimizin uğurlu fəaliyətlərinin mükafatlandırılması da dövlət qayğısının nəticəsi olaraq dəyərləndirilir. 2025-ci ildə 2 fevral Azərbaycan Gənclər Günü münasibətilə Şamaxı filialı Dağlıq Şirvan Regional Gənclər və İdarəsi tərəfindən Fəxri Fərmana, tələbəmiz Hüseynova Tahirə Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatlarının İttifaqı tərəfindən Fəxri Fərmana, həmçinin bir qrup tələbəmiz Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən müxtəlif təltiflərə layiq görülmüşlər. Eyni zamanda hər il 2 fevral Azərbaycan Gəncləri Gününə hərs olunmuş tədbirdə tələbələrimiz filialın direktoru dosent Tünzalə xanım Yusifova tərəfindən fəxri fərman və təşəkkürnamələrlə mükafatlandırılır.