Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının Kitabxana və elektron resurslar şöbəsi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 20 Yanvar Ümümxalq Hüzn Gününə həsr olunmuş “Müstəqilliyə gedən şanlı yolun qanlı gecəsi” mövzusunda tədbir keçirildi.

İlk olaraq ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Filialın direktoru dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək qeyd etdi ki, XX əsr xalqımızın tarixinə həm qanlı faciələrlə, həm də qəhrəmanlıqlarla dolu olan bir dövr kimi daxil olmuşdur. Həmin dövrün ən yaddaqalan tarixlərindən biri də sözsüz ki, 20 Yanvar hadisələridir. Hansı ki, xalqımız haqlı olaraq 20 Yanvar hadisələrini həm faciə, həm də qəhrəmanlıq kimi səciyyələndirir. Həmin gün milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar rejimin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. O faciəli günlərdə xalqın səsinə hər kəsdən əvvəl səs verən məhz ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Ulu Öndərin 1990-cı il 21 yanvar tarixli bəyanatı faciəyə verilən ilk siyasi qiymət idi. Bu bəyanatın davamı olaraq ulu öndər Heydər Əliyev yenidən respublikamızda hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrində şəhid olmuş həmvətənlərimizin ailələrinin və sağlamlığını itirən əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirmişdir.

Azərbaycanın yenidən müstəqillik qazanmasında xalqımızın qəhrəman oğullarının əvəzsiz xidmətləri olmuşdur. 20 Yanvar hadisələri xalqımızın 1988-ci ildə başlanan milli-azadlıq hərəkatının kulminasiya nöqtəsi idi. Son olaraq qeyd etdi ki, xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini hər zaman əziz tutur və hörmətlə yad edir.

Ardınca Kitabxana və elektron resurslar şöbəsinin müdiri Vəsilə Razimi, Sosial və xüsusi fənlər kafedrasının müəllimi Həmidova Zərifə 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə  qarşı törətdiyi cinayətlərdən bəhs etdilər. Qeyd olundu ki, illər keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir. Məhz bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük vətən müharibəsi 8 noyabr tarixində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyulması ilə başa çatıb. Bu zəfər ilə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb.

Ardınca tələbələr–Qafarova Fidan “Azərbaycanın müstəqillik yolu:20 Yanvar hadisələrinin rolu”, Hümbətov Nihad “20 Yanvar faciəsinin dünyada tanıdılması: Haqq səsimizin ucalması” və Mirzəyeva Nuranə “20 Yanvar faciəsi ədəbiyyatımızda mövzusunda çıxış etdilər.

Son olaraq mövzu ətrafında diskussiya aparıldı.