Sosial və xüsusi fənlər kafedrasının müəllimi Cəbrayılova Süsən.
Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə ictimaiyyəti maraqlandıran bir çox məqamlara aydınlıq gətirdi. Dövlətimizin başçısı Azərbaycanın prioritet sahələrdə qazandığı nailiyyətlər, icra olunan layihələr haqqında geniş əhatəli məlumat verməklə yanaşı, qarşıda duran hədəflərlə əlaqədar prioritet istiqamətləri də ölkə ictimaiyyətinin diqqətinə çatdırdı. Prezident çıxışında qeyd etdi ki, inkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Yəni, ümumi daxili məhsul 4 faizdən çox artmışdır. Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Biz son vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişdik və aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq. Beləliklə, neft hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcək.
Cənab prezident bildirdi ki, nəzərə alsaq ki, artıq uzun illər bizim iqtisadi inkişafla bağlı əsas hədəflərimizdən biri sənaye istehsalının artırılmasıdır, qeyri-neft sənaye sektorunda artım daha da yüksəkdir. Bu, 7 faizdən çoxdur. Yəni, əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır. Bu göstəricilər, sadəcə olaraq, keçən ilin məhsulu deyil. Uzun illər aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində biz beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişiklik görürük. Yəni, bütün bunlar onu deməyə əsas verir ki, biz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, bu il və gələn illərdə bu dinamika saxlanılacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev verdiyi müsahibə zamanı vurğuladı ki, biz burada da dünyada liderlər sırasındayıq. Çünki bizim xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7.2 faizini təşkil edir. Müqayisə üçün deyə bilərəm ki, əksər inkişaf etmiş ölkələrdə bu, 100 faizdən də çoxdur və 7.2 faiz səviyyə doğrudan da çox böyük nəticədir. Məhz buna görə, mən hesab edirəm ki, beynəlxalq reytinq agentlikləri Azərbaycana daha ədalətli mövqe nümayiş etdirməlidirlər. Əlbəttə ki, valyuta ehtiyatlarının xarici borcla müqayisəsi də önəmli amillərdən biridir.
Əlbəttə ki, büdcə parametrləri də hər bir ölkənin iqtisadi potensialını əks etdirir: həm parametrlər, həm dinamika. Bu ilin büdcəsi rekord səviyyədədir. Büdcə xərcləri 41 milyard manatdan çoxdur. İcmal büdcə isə 48 milyard manatı ötüb. Yəni, Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb. Bütün bu amilləri sadalayaraq bir daha göstərmək istəyirəm ki, biz yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət nəticəsində bu nəticələrə çatmışıq deyə Prezident bildirdi.
Prezident bildirdi ki, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Əgər biz bu artımı inflyasiyanın dərəcəsi ilə müqayisə etsək, – hansı ki, keçən il 2 faizdən bir qədər çox idi, – yəni, bu artım məhz az müdafiə olunan təbəqə üçün dövlət tərəfindən növbəti yardımdır. Hər şey cəmiyyətdə də, siyasətdə də, ailədə də ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub. İmkan yarandıqca, biz ilk növbədə, bu sahəni də, necə deyərlər, diqqətdə saxlamışıq. Son bir neçə il ərzində dörd sosial paket həyata keçirildi və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərcləndi. Bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək. İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə – minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik.
Bizim üçün COP29 böyük bir çağırış və böyük imkan idi. Bizim vəzifəmiz bu çağırışı uğura çevirməkdən ibarət idi deyə İlham Əliyev çıxışında qeyd etdi.
Azərbaycan istixana qazlarının emissiyası baxımından o qədər də böyük paya sahib deyil və bu işdə dünyanın bir araya gəlməsində mühüm rol oynaya bilməz. Lakin hesab etdik ki, beynəlxalq təşkilatlarda fəaliyyət təcrübəsi və şaxələndirilmiş xarici siyasət bizə körpülər qurmaqda yardımçı olacaq. Yəni, biz hazırlıq işlərinə başladıq və Qlobal Cənub çərçivəsində olduqca fəal iş apardıq. Yekun nəticə bunun uğur hekayəsi olduğunu sübut etdi. Çünki əvvəlki COP-lardan fərqli olaraq hazırlıq üçün 2 il deyil, cəmi 11 ay vaxtımız var idi. Biz stadion və onun ətrafında nəhəng qurğular inşa etməli idik – bu, 200 min kvadratmetrə yaxın qapalı məkan idi. Tədbirin təşkilatçılığı hər kəsdə məmnunluq doğurdu.
COP29 Azərbaycanın növbəti uğurudur deyə cənab Prezident İlham Əliyev çıxışına davam etdi. Əlbəttə, COP-un əsas mövzularından biri maliyyələşmə məsələsi idi. 1 trilyon dollar civarında gözləntilər var idi, ancaq bu, tamamilə qeyri-real rəqəm idi. Nailiyyət isə ondan ibarət oldu ki, biz qarşıdan gələn illər üçün nəzərdə tutulmuş məbləği 3 dəfə artıra bildik. Çünki COP29-dan əvvəl razılaşdırılmış rəqəm 100 milyard dollar idi. Burada – Bakıda biz onu 300 milyard dollara çatdırdıq. Yəni, kimsə iddia edirsə ki, bu, uğursuzluq idi, bu, ədalətsizlikdir. Bu, nailiyyət idi və bu, gələcək üçün bir miras oldu.
Azərbaycanın D-8 təşkilatına qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir deyə cənab Prezident vurğuladı. Bu təşkilat 30 ilə yaxın bundan əvvəl yaranmışdı, Türkiyənin təşəbbüsü ilə və səkkiz ölkədən ibarət idi. Bu illər ərzində əlavə üzv qəbul edilməmişdi. Birinci genişlənmə qərarından sonra qəbul edilən üzv Azərbaycan oldu.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkiyə Respublikası haqqında danışarkən vurğuladı ki, namizədliyimizi ilk gündən dəstəkləyən Türkiyə olmuşdur. Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mən hətta bir dəfə Türkiyədə keçirilmiş D-8 Zirvə görüşündə də qonaq qismində iştirak etmişdim, təqribən 7-8 il bundan əvvəl. Artıq o vaxtdan bəri Azərbaycanın üzvlüyü ilə bağlı məsələ gündəliyə salınmışdı. Amma təbii ki, bütün üzv ölkələr arasında konsensus olmalıydı və nəhayət, bu konsensus əldə edildi. Biz əlbəttə ki, üzv ölkələrlə daha sıx təmasda olacağıq. Halbuki bu günə qədər də bütün üzv ölkələrlə bizim çox fəal münasibətlərimiz var. Daha sonra İlham Əliyev bildirdi ki, Azərbaycan həmişə müsəlman aləminin dəyərli üzvü olmuşdur. İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin açıqlamalarına diqqət yetirsəniz görərsiniz ki, bütün dövrlərdə bu təşkilat, – hansı ki, bütün müsəlman ölkələrini birləşdirir, – Azərbaycanla bağlı çox müsbət fikirdə olub.
Prezident İlham Əliyev qeyd edir ki,Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər. Çünki burada geniş coğrafiya, insan resursları, təbii sərvətlər, nəqliyyat-kommunikasiya xətləri və birlik vardır. Hesab edirəm ki, D-8 də bu boşluğu doldura bilər və bu ölkələrdə yenə də deyirəm, 1 milyarddan çox, bəlkə də 1 milyard 300 milyon insan yaşayır. Müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizi D-8-dədir, əhalinin 60 faizi yenə də D-8 ölkələrindədir. Ona görə bu, bir fürsətdir. Bu fürsəti qaçırmaq olmaz, vaxt itirmək olmaz və biz bu gündəliklə bu təşkilata üzv oluruq. Hesab edirəm ki, bizim fikirlərimiz və təkliflərimiz diqqətlə nəzərə alınacaqdır.
Ermənistanın işğalçı siyasəti hər hansı dialoqu nəzərdə tutmurdu, onlar danışıqlar formatından işğalı davam etdirmək üçün pərdə kimi istifadə edirdilər. Deyərdim ki, bu, dialoq deyil, monoloq nəticəsində baş verdi. Belə ki, Ermənistanla onilliklər ərzində dialoqun alınmaması aydındır. Bu yaxınlarda mətbuatda çıxan informasiya – məhz Ermənistanın birinci prezidentinin faşist bəyanatı bizim prinsipcə kifayət qədər çoxdan bildiyimizi bir daha təsdiq edir: Ermənistan Azərbaycan ərazilərinin bir santimetrini belə azad etmək istəmirdi. Onlar hesab edirdilər ki, bir müttəfiqdən milyardlarla dollarlıq pulsuz silah, digər ikisindən isə siyasi və mənəvi dəstək aldıqlarına görə özlərini rahat hiss edirlər deyə Prezident çıxışına davam etdi.
Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri Ermənistanda çox ciddi qəbul edilməlidir. Ermənistanda gedən silahlanma prosesi əlbəttə ki, Cənubi Qafqaz üçün yeni təhdid amilidir. Mən artıq bunu demişəm, bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilmərik. Mən bunu, eyni zamanda, Ermənistan rəhbərliyinə də dəfələrlə bildirmişdim ki, bu, yeni təhlükə yarada bilər. Eyni zamanda, bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, sadəcə olaraq, Azərbaycan bu imkanları verməyəcək. Ona görə Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi hərbi və təhlükəsizlik məsələlərinə xərclənəcək.
Ermənistanın silahlanması yeni gərginliyə gətirib çıxaracaq deyə çıxışına davam edən Cənab İlham Əliyev daha sonra bildirdi ki, biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. İndi baxın, Ermənistanın birinci prezidentinin irqçi və faşist açıqlamaları nə dərəcədə eybəcərdirsə, bir o qədər də təhlükəlidir. O, etnik təmizləməni bir qürur mənbəyi kimi qələmə verir, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından qovulması ilə öyünür. Sadəcə olaraq, bu videomaterial, necə deyərlər, indi ictimailəşdirildi. Ancaq təbii ki, bunu Ermənistanda bilirdilər.
Prezident bildirdi ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır. Bütövlükdə 30 minə yaxın insan orada yaşayır, müxtəlif vəzifələrdə çalışırlar, inşaatda, dövlət işlərində və digər sahələrdə. Ağdam şəhərində yaradılmış sənaye parkının məhsulları indi xaricə ixrac edilir. Şəhər dağılıb, amma burada sənaye müəssisələri artıq fəaliyyət göstərir və xaricə məhsul ixrac edir.
Biz Qarabağı cənnətə çevirəcəyik deyə çıxışına davam edən Prezidnet İlham Əliyev bildirdi ki, əslində, onsuz da bura öz təbii quruluşuna, gözəlliyinə görə cənnətdir. Amma müasir infrastruktur, yaşayış yerləri, iş yerləri, rahatlıq – bura doğrudan da dünyanın ən gözəl yerlərindən birinə çevriləcək. Bura çox böyük coğrafiyadır. Həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda, ona o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi-nəzərdən vahid bir böyük məkana çevrilməlidir, halbuki bu, bizim bölgüyə görə üç regiondur. Amma, eyni zamanda, bir-birinə tarixən bağlı olan bu bölgələr hazırda vahid konsepsiya əsasında inkişaf edir. Məsələn, biz bu il Naxçıvan və Ordubad şəhərlərinin Baş planlarının hazırlanmasına da başlayırıq. Ondan sonrakı illərdə Naxçıvan Muxtar Respublikasının digər şəhərlərinin Baş planlarının hazırlanmasına başlayacağıq. Qarabağ və Şərqi Zəngəzurdakı bütün yaşayış məntəqələri vahid Baş plan əsasında qurulur.
Azərbaycan Prezidenti İlham Əliyev müsahibə zamanı qeyd etdi ki, Qondarma “Dağlıq Qarabağ”ın tanınması mövzusu dərhal gündəlikdən çıxdı. Bir çoxları və zənnimcə, hakim zümrənin rəhbərləri 2020-ci ildə bizim Qələbəmizi özlərinin məğlubiyyəti kimi qəbul etdilər. Hərçənd belə düşünmək üçün heç bir əsas yox idi. Amma nədənsə, siz də dediyiniz kimi, bunu məhz belə şəxsi planda qəbul edirdilər. Mən bunu həm də fransız nümayəndələri ilə öz ünsiyyət təcrübəm əsasında deyirəm. Halbuki mən həmişə onlara izah etməyə çalışırdım ki, bunun sizinlə heç bir əlaqəsi yoxdur. Biz prinsip etibarilə sizə qarşı deyilik və heç bir şey etməmişik.
Azərbaycan-İran münasibətlərindan bəhs edərkən prezident bildirdi ki, hazırkı İran rəhbərliyi ilə bizim elə ciddi təmaslarımız olmayıb. Hökumət üzvləri arasında müəyyən təmaslar olub. Onlar daha çox iqtisadi və nəqliyyat məsələlərinə aid idi. O məsələlər, hansı ki, prinsipcə bizdə siyasi gündəlikdən ayrıdır və biz heç vaxt bunları qarışdırmamışıq. Əvvəlki hakimiyyətlə bizim münasibətlərimizin pisləşməsi yenə də bizim günahımız ucbatından olmayıb. Sadəcə olaraq, bəzi məqamları xatırlatmaq istəyirəm. İkinci Qarabağ müharibəsi başa çatandan, artıq biz Laçın yoluna vizual müşahidə əldə edəndən sonra görməyə başladıq ki, İrandan gələn yanacaqdaşıyan yük maşınları müntəzəm olaraq Qarabağa Ermənistandan səfərlər edirlər. Mən köməkçimə göstəriş verdim və o, İranın Azərbaycandakı ovaxtkı səfiri ilə telefonla danışıb və deyib ki, bunu dayandırın. Biz bunu ictimailəşdirmək istəmirik, biz xahiş edirik, bunu dayandırın. Bu, yaxşı deyil, biz bunu görürük, bu, bizim ərazidir. Siz burada qanunsuz işlərlə məşğulsunuz. Əfsuslar olsun ki, bundan sonra bu, dayanmadı və daha da artdı. Ondan sonra ikinci addım olaraq biz İran səfirini Xarici İşlər Nazirliyinə dəvət etdik və ona etiraz notası verildi və bunu ictimailəşdirdik.
Cənab İlham Əliyev bildirdi ki, Avropa İttifaqının üzvü olan bir çox ölkə hazırda öz daxili qaz istehlakının təxminən yarısını Azərbaycan qazı ilə təmin edir. Qaz ixracımız artır və hazırda, biz, müxtəlif infrastruktur layihələrindən, əsasən, Cənub Qaz Dəhlizi və onun artırılmasından istifadə edərək, qaz təchizatının coğrafiyasını genişləndiririk. Son zamanlar Avropada istismara verilmiş yeni interkonnektorlar vasitəsilə müxtəlif bazarlara çıxışımız mümkündür.
Bununla belə, 2022-ci ildən bu günə qədər çox köklü dəyişiklik baş verdi, çünki həmin vaxt qaz ixracımız yalnız Gürcüstanı, Türkiyəni, Yunanıstanı və İtaliyanı əhatə edirdi. Yalnız bunları. Sonra biz Bolqarıstan, Macarıstan, Rumıniya, Serbiya, Şimali Makedoniya, Slovakiya və Xorvatiyanı əlavə etdik. Bütün bunlar kifayət qədər qısa müddət ərzində baş verdi. Bir sözlə, ehtiyatlarımız var, çünki onların təsdiqlənmiş həcmi artmaqdadır. Bir neçə il öncə onların həcmi 2.6 trilyon kubmetr təşkil edirdi. Lakin indi, yenicə kəşf edilmiş, o cümlədən gələcəkdə nəzərdə tutulan ehtiyatlarla bu səviyyə daha da artacaq. Ümid edirik ki, bu il biz AÇQ-də “Dərin Qaz” layihəsindən ilk qazı alacağıq və bu, bütövlükdə qaz hasilatına gözəçarpan töhfə olacaq. Bununla belə, “Şahdəniz”in hələ də əsas qazı təchiz edən yataq kimi qalacağını nəzərə alsaq, biz “Abşeron”da qaz hasilatının 1.5-dən 5 milyard kubmetrə qədər artırılması məqsədilə tərəfdaşlarla çalışmağı planlaşdırırıq.
Suriya məsələsində də Türkiyənin yanındayıq deyə Prezident çıxışında qeyd etdi.Əsəd rejiminin çökməsindən sonra Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək, həm bu münasibətlə bir-birimizi təbrik etmişik, həm də bildirdim ki, biz də Türkiyənin yanında olmağa hazırıq və bunu etməyə də başlamışıq. Çox şadıq ki, Suriyada dəyişikliklər baş verdi və bu münasibətlə Türkiyə ilə Suriyanın yeni hökuməti arasında mövcud olan əlaqələr, əlbəttə ki, bizi də çox sevindirir. Çünki Suriya Türkiyə ilə həmsərhəd olan ölkədir və hər bir ölkə öz sərhədlərinin kənarında vəziyyəti sabit görmək istəyir. O cümlədən terrordan, PKK terrorundan əziyyət çəkən Türkiyə haqlı olaraq öz sərhədlərinin hüdudlarından o biri tərəfdə terrorun ləğv edilməsini tələb edir və nəinki tələb edir və buna nail olur. Artıq mən bu məsələyə öz münasibətimi bildirdim. Türkiyənin Suriyanın inkişafındakı rolu, əlbəttə ki, çox əhəmiyyətlidir və mən Türkiyənin dəstəyi ilə birinci yardım karvanı da yola düşdü. Çünki Türkiyənin dəstəyi və logistik dəstəyi olmasaydı, bu, mümkün ola bilməzdi. Eyni zamanda, bizim Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin oraya göndərilməsi də Türkiyənin dəstəyi ilə olub. Yəni, biz istəyirik, burada öz töhfəmizi verək ki, Türkiyənin heç olmasa bu sərhədində terrora son qoyulsun və hesab edirəm ki, bu, çox ciddi geosiyasi dəyişiklik olacaq, böyük coğrafiyada sülhün, sabitliyin, əməkdaşlığın bərqərar olmasına gətirib çıxaracaq.
Yeni idarəetmə sistemindən danışarkən Prezident bildirdi ki, yeni idarəetmə modeli yaradıldı və biz bunun müsbət tərəflərini dərhal görməyə başlamışıq. Son bir neçə il ərzində dövlət şirkətlərində yeni idarəetmə modeli tətbiq olunmağa başlanmışdır. İdarə heyətləri yaradıldı, idarə heyətlərinin rəhbərləri vəzifəsinə dövlət məmurları təyin edildi və beləliklə, dövlət şirkətlərindəki problemlər tam açılmışdır. Uzun illər dövlət şirkətləri, əfsuslar olsun ki, təkcə təbii inhisarçı deyil, eyni zamanda, zərərlə işləyən şirkətlər idi. Bunun bir çox səbəbləri var. Əsas səbəb idarəetmədə olan qüsurlar və pozuntular idi. Buna son qoymaq üçün artıq mənim tərəfimdən belə qərar qəbul edildi və bütün şirkətlərdə, – onlar çox deyil, haradasa 10-a yaxın dövlət şirkəti var, – yeni idarəetmə modeli yaradıldı və biz bunun müsbət tərəflərini dərhal görməyə başlamışıq. Yəni, uzun illər ərzində zərərlə işləyən, hər dəfə dövlət büdcəsinə, necə deyərlər, müraciət edən SOCAR, məsəl üçün, indi gəlirlə işləyir. Uzun illər ərzində zərərlə işləyən və hər dəfə dövlətdən dotasiya alan “Azərbaycan Hava Yolları” gəlirlə işləyir və səhv etmirəmsə, keçən ilin gəlirləri bir neçə 100 milyon manat səviyyəsindədir. İndi öz ehtiyaclarını özü qarşılayacaq. Dəmir yolu idarəsi də, həmçinin. Uzun illər dövlətdən yardım alan, indi təqribən 100-150 milyon manat gəlirlə işləyir və digər şirkətlər. Yəni, bu, birinci mərhələ idi. O sağlamlaşdırma və kadr islahatı mərhələsi artıq başa çatdı. O ki qaldı, ASKON qurumuna, bunun da məqsədi nəqliyyat sektorunu vahid çətir altında bir platforma kimi yaratmaqdır.
Prezident bildiridi ki, bu il yeni 10 metro stansiyası inşa ediləcək. Biz yeni dünya düzəni prosesinin fəal iştirakçısı olmalıyıq. Dünyada müstəmləkəçilik kimi iyrənc praktikaya son qoyulmalıdır.
Cənab Tramp tamamilə yeni gündəliklə hakimiyyətə gəlir və onun birinci dönəmində Amerika-Azərbaycan əlaqələrində hər hansı bir problem yaşanmadı deyə çıxışın davamında Prezident bildirdi.Əksinə, münasibətlər çox müsbət idi və bir çox istiqamətlər üzrə biz irəliləyişə nail ola bilmişdik. Bayden administrasiyasının Azərbaycanla bağlı əsas səhvi ondan ibarət idi ki, o, Amerika-Azərbaycan münasibətlərini Amerika-Ermənistan münasibətlərinin qurbanına çevirdi.
Azərbaycan Respublikasının Prezidneti İlham Əliyev bildirdi ki, Azərbaycan cəmiyyəti artıq öz mövqeyini ortaya qoyub və Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir, böyüyür. Yenə də deyirəm, əgər bu proses müəyyən səbəblər üzündən başlamışdırsa, bu gün bu, artıq həyatımızın bir parçasıdır və xüsusilə bu ərazilərin nümayəndələri ilə görüşmək, onların dilindən problemlərini eşitmək, onların gözündə bu həsrəti, bu tükənmiş ümidləri görmək həm ağırdır, həm də ki, çox tanışdır. Çünki biz də uzun illər təxminən eyni vəziyyətdə idik. Biz müstəqil olmayan dövrdə müstəqillik eşqi ilə yaşamışıq, hər halda cəmiyyətimizin böyük qismi. Biz müstəqillik əldə etdik və dərhal işğala məruz qaldıq, hətta ondan qabaq. Bu ədalətsizlik elə həyatımızın bir parçası idi və biz bu ədalətsizlikdən canımızı xalqımızın iradəsi ilə qurtardıq. Amma bu xalqlar faktiki olaraq heç bir kütləvi informasiya vasitələrinə çıxış əldə edə bilmirlər. Onlar hədələnir, onlara qarşı ədalətsizlik bir qayda olaraq artıq özünü təsdiqləyib. Onların müdafiəsinə qalxmaq istəyən tərəflərin, təşkilatların sayı da çox azdır.
Prezident İlham Əliyevin müsahibə zamanı səsləndirdiyi “bizim həm qeyri-hökumət təşkilatlarının, həm dövlətin fəaliyyəti ondan ibarət olacaq ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına, orada yaşadıqları kəndlərə, şəhərlərə qayıda bilsinlər və orada yaşasınlar” fikrini xatırladan deputat bildirib ki, bu, bütün beynəlxalq norma və prinsiplərə uyğun olan bir tələbdir. Qərbi Azərbaycan bizim tarixi və əzəli torpağımızdır. Burada yaşayan azərbaycanlılar zaman-zaman etnik təmizləməyə məruz qalıblar, öz doğma torpaqlarından didərgin düşməyə məcbur ediliblər. Son etnik təmizləmə 1988-1991-ci illərdə baş verib. Ermənilər düşünülmüş şəkildə 300 mindən çox azərbaycanlını öz doğma yurdlarından deportasiya etməklə Ermənistanı monoetnik ölkəyə çeviriblər. Onlar azərbaycanlıların yaşadıqları yaşayış məntəqələrini qarət edib, dağıdıb və xarabalığa döndəriblər. Xalqımız öz doğma diyarı olan Qərbi Azərbaycanı heç vaxt unutmur və geriyə, öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayır. “İndiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların öz doğma torpaqlarına qayıtması onların tarixi-mənəvi, insani və hüquqi haqqıdır. Ermənistan beynəlxalq hüquqa əməl etməli, soydaşlarımızın geri dönməsi ilə bağlı süni əngəllər törətməməlidir. Onların tezliklə İnsan Hüquqlarının Ümumdünya Bəyannaməsində, Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda öz əksini tapmış “geri qayıtma hüququ”nu tanımalıdır” deyə Prezident öz çıxışını yekunlaşdırdı.

