Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında 2024/2025-cü tədris ilinin payız semestrinin imtahan sessiyası 29 dekabr tarixindən başladı və iki növbəli olaraq keçirilir.
İmtahanlar filialın direktoru dos. Tünzalə Yusifova tərəfindən təsdiq olunmuş imtahan cədvəli əsasında həyata keçirilir. Qeyd edək ki, 8 ixtisas üzrə ümumilikdə 34 qrup üzrə 198 imtahan keçiriləcək.
İmtahan sessiyasında tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsindəki obyektivliyi və düzgün qiymətləndirməni təmin etmək üçün Apellyasiya Komissiyası yaradılıb. Tələbələr imtahanın nəticəsindən narazı qaldıqları halda Apellyasiya Komissiyasına ərizə ilə müraciət edir və komissiya tələbənin imtahan cavablarına yenidən baxaraq obyektiv qərar çıxarılmasını təmin edir.
İmtahan sessiyasının mövcud tələblərə uyğun, o cümlədən imtahan cədvəlləri üzrə müəyyən edilmiş qaydada keçirilməsinə nəzarət etmək, imtahanlarla bağlı digər çatışmazlıqları operativ şəkildə təmin etmək məqsədilə İmtahan Qərargahı yaradılıb.
Sessiya zamanı filialın Kitabxana və elektron resurslar şöbəsinin fasiləsiz işləməsi təmin olunmuşdur.
İmtahanların müvafiq qaydalara uyğun keçirilməsi üçün hər gün auditoriyalar hazırlıq vəziyyətinə gətirilir və dəhlizlərdə tam sakitlik təmin olunur. Həmçinin imtahan prosesinin operativ və şəffaf keçirilməsi üçün imtahan rəhbərləri və nəzarətçi heyəti imtahan prosesinə cəlb olunub.
Bütövlükdə filialda imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilir.
Bütün tələbələrimizə imtahan sessiyasında uğurlar arzulayırıq.
Qeyd edək ki, filialda Xarici dil ( ingilis dili) imtahanları şifahi formada keçirilir.





