Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi idman siyasəti
Pedaqogika və psixologiya kafedrasının müəllimi Əfəndiyeva Teybə.
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərək bildiridi ki, 2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir.
İlin ən böyük yarışı Yay Olimpiya Oyunları idi və burada da biz tarixi nəticə əldə etmişik. Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir və bu dəfə ən yüksək yerə layiq görülmüşdür, komanda hesabında Azərbaycan 30-cu yerdə qərarlaşmışdır. Bu, ən yüksək nəticədir. Bütövlükdə iki yüzdən çox milli komanda Olimpiya Oyunlarında iştirak edirdi. Onların arasında 30-cu olmaq çox böyük nailiyyətdir deyə cənab İlham Əliyev öz çıxışda qeyd etmişdir.
Daha sonra prezident qeyd etdi ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə idi. Nəzərə alsaq ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var, bu da böyük və tarixi nailiyyətdir. Komandamız ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla yeddi medal qazanaraq ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmışdır.
Prezident İlham Əliyev- idmançılarımız Azərbaycan xalqını öz qələbələri ilə daim sevindirirlər. Əlbəttə ki, gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək. Çünki Azərbaycan dövlətinin siyasəti bu istiqamətdə çox açıqdır, birmənalıdır və uzun illər ərzində aparılır deyə bildirdi.
Prezident İlham Əliyev qeyd etdi ki, bizim bundan sonrakı fəaliyyətimiz təbii ki, idmanın inkişafı ilə bağlı olacaq. Çünki bütün lazımi qərarlar verilib, bütün müvafiq strukturlar, federasiyalar, klublar, idman cəmiyyətləri, Olimpiya Komitəsi, nazirlik vahid strategiya əsasında fəaliyyət göstərirlər. Federasiyalarda gücləndirmə işləri aparılmışdır. Bizim həm ənənəvi medal gətirən idman növlərində, həm də bu günə qədər o qədər də inkişaf etməyən idman növlərində növbəti irəliləyiş olacaqdır. Uzun illər bütün bölgələrdə idmanla məşğul olmaq üçün dövlət öz fəaliyyətini aparıb.
Hazırda bizim bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və bu idman komplekslərinin bundan sonra da inşası nəzərdə tutulur, müxtəlif bölgələrdə, o cümlədən Qarabağ bölgəsində.
Bakı şəhərində ən müasir idman infrastrukturumuz vardır. Biz hələ təxminən 10 il bundan əvvəl Bakıda mötəbər Avropa Oyunlarını keçirmişdik. Ondan sonra İslam Həmrəylik Oyunlarını keçirmişdik və keçən ay Bakıda COP29 beynəlxalq iqlim konfransı da Olimpiya Stadionunun içində və onun ətrafında keçirilmişdir. Yəni, burada da vaxtilə inşa etdiyimiz idman obyektinin – Olimpiya Stadionunun böyük rolu olmuşdu. Çünki əgər vaxtilə biz bunu etməsəydik, bu boyda, bu miqyasda beynəlxalq tədbiri keçirə bilməzdik – 197 ölkə, 76 min qeydiyyatdan keçmiş iştirakçı təmsil olunurdu və qonaqların məmnunluğu xüsusi qeyd edilirdi. Cəmi 10 şikayət var idi, onlar da tezliklə öz həllini tapdı.
Bölgələrdə isə bundan sonra da bu işlər aparılacaq. O ki qaldı, azad edilmiş ərazilərə, siz yaxşı bilirsiniz ki, o ərazilərdə infrastruktur layihələri ilə yanaşı, keçmiş köçkünlərin yaşayışı üçün inşa edilən evlərlə yanaşı, idman infrastrukturu da yaradılır. Bəziləri hesab edə bilər ki, bu, bir az tezdir. Amma mən hesab edirəm ki, bu, mütləq olmalıdır. Çünki bu idman obyektlərinin həm rəmzi mənası, həm də funksional tərəfi var. Məsələn, İmarət stadionunun inşa edilməsi – bunun çox böyük rəmzi mənası var. İndi Ağdam şəhərində yeni, bütün beynəlxalq standartlara cavab verən stadion inşa edilir. Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməli qoyulub. Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə yarışları keçirilir. Şuşa şəhərində bir neçə idman yarışı keçirilmişdir. Xankəndi şəhərindəki stadion, – hansı ki, Azərbaycan büdcəsi hesabına hələ keçən əsrin 50-ci illərində inşa edilmişdir, – əsaslı şəkildə təmir edilir, demək olar ki, yenidən qurulur. Düz bir il bundan əvvəl Xankəndi stadionunda biz hamımız tarixi futbol yarışını izləmişik. Amma bu stadion da bütün beynəlxalq standartlara cavab verəcək və bu stadionun yenidən qurulması prosesi gələn il başa çatmalıdır. Azad edilmiş ərazilərimizdə digər idman qurğularının tikintisi nəzərdə tutulur və bütün bu işləri biz ardıcıllıqla edəcəyik.
Prezident İlham Əliyev bildirdi ki, üçüncü MDB Oyunları Azərbaycanda keçiriləcək. Gələn il Azərbaycan növbəti böyük idman yarışına ev sahibliyi edəcək, bu da MDB Oyunlarıdır. Bunun üçün 14 şəhər seçilibdir və əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq. Gəncədə yeni stadion inşa edilir və Oyunlara qədər istismara verilməlidir. Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin böyük Olimpiya İdman Kompleksi açılmışdır. Hətta Bakı şəhərində bu boyda və bu qədər funksional standartlara cavab verən Olimpiya Kompleksi olmamışdır. Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Əgər biz 2015-ci ilin Avropa Oyunları ilə müqayisə etsək, o vaxt təqribən 5000-5500 iştirakçı var idi.
Gələn ildən başlayaraq Gəncə şəhərində çox böyük təmir-bərpa işləri aparılacaq. Gəncə şəhərində isə 7000 iştirakçını, onların komandalarını, heyətlərini qəbul etmək üçün əlbəttə ki, şərait yaradılmalıdır və müvafiq göstərişlər verildi. Həm şəhər infrastrukturu yenilənəcək, şəhər nəqliyyatı tamamilə yenilənəcək, tarixi binaların bərpası və digər infrastruktur layihələrimiz icra ediləcək ki, bizim qədim şəhərimiz olan, Nizami yurdu olan Gəncə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim etsin. Əlbəttə ki, biz təbii olaraq bu Oyunlara da hazırlaşırıq. Əminəm ki, bu Oyunların ev sahibi kimi Azərbaycan idmançıları, gənc idmançılar yaxşı nəticələr göstərəcəklər.
Bu gün dünyada gedən proseslər göz qabağındadır. Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə kobudcasına qarışması, vəziyyətin gərginləşməsi – bütün bunları biz Azərbaycanda görmürük və görməyəcəyik. Çünki xalq-iqtidar birliyi, cəmiyyətdəki həmrəylik, vahid siyasi baxışlarımız, təbii ki, bizim tarixi Zəfərimiz və bir çox digər amillər bizi bu çətinliklərdən, çağırışlardan sığortalayır. Artıq 30 ilə yaxındır ki, Azərbaycan sabitlik şəraitində yaşayır və əminəm ki, bundan sonra əbədi sabitlik şəraitində yaşayacaq deyə qeyd edildi.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev onu da qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrinə, mən bilirəm ki, bizim idmançılarımız müntəzəm olaraq o bölgələrə səfərlər edirlər. Artıq orada 10 min insan yerləşib. Onların böyük hissəsi uşaqlardır, gənclərdir. O yerləri heç vaxt görməyən uşaqlar, gənclər böyük həvəslə oraya qayıdırlar. Əlbəttə ki, Azərbaycanın görkəmli idmançılarının azad edilmiş torpaqlara müntəzəm səfərləri gənclər üçün də, uşaqlar üçün də böyük hadisə olacaq. Ona görə hesab edirəm ki, idman yarışları öz yerində, amma, eyni zamanda, indi müxtəlif tədbirlər çərçivəsində Azərbaycan idmançıları, cəmiyyətimizin digər tanınmış simaları, ziyalılar o bölgələrə nə qədər çox səfər etsələr, o qədər də yaxşı olacaq, həm onlar üçün, həm orada yaşayanlar üçün. Çünki orada həyat yenidən, sıfırdan qurulur. Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq. Böyük coğrafiyada, 15-16 min kvadratkilometr ərazidə, – hansı ki, Ermənistan onu tamamilə yerlə-yeksan edib, – yeni həyat qurulur, özü də müasir, gözəl, rahat. Ona görə mənim idmançılara, idman ictimaiyyətinin nümayəndələrinə tövsiyəm odur ki, o bölgələrə və bütövlükdə digər bölgələrə də tez-tez getsinlər, orada həm görüşlər keçirsinlər, həm də ki, gənc idman istedadlarını seçsinlər.

