Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində “Yaşıl dünya naminə: Elmi tədqiqatlar və təcrübələr” adlı professor-müəllim heyətinin elmi tədqiqat işlərinin yekun konfransı keçirilib.

İlk növbədə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Konfransın Plenar iclasında filialın direktoru dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək qeyd etdi ki, konfrans 2024-cü ilin  “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamının işığında keçirilib. O, konfransı sözügedən Sərəncamın müddəalarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində təşəbbüslərindən biri kimi dəyərləndirib. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini söyləyib, ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində köklü işlərin aparıldığını vurğulayıb.  Ardınca professor-müəllim heyətinin elmi tədqiqat fəaliyyəti haqqında məlumat verdi və konfransın işinə uğurlar arzuladı.

Plenar iclasın ardınca konfrans işini 4 bölmədə- Sosial və xüsusi elmlər, Pedaqogika və psixologiya elmləri, Riyaziyyat, informatika və onların tədrisi texologiyası elmləri, Filologiyanın aktual problemləri bölmələrində davam etdirdi.

Birinci bölmədə 14, İkinci bölmədə 6, Üçüncü bölmədə 6, Dördüncü bölmədə 10 mövzu olmaqla ümumilikdə 36 iş üzrə məruzələr dinlənildi və müzakirə olundu.

Sonda konfransın yekun iclası keçirildi. İclada bölmələrin sədrləri uyğun bölmələrin işinin yekunlarına dair məlumat verdilər. Bildirildi ki, bütün bölmələrdə aktual mövzular təqdim olunub və müzakirələr mütəşəkkil və diskussiya şəraitində keçirilib.

Bununla da, “Yaşıl dünya naminə: Elmi tədqiqatlar və təcrübələr” adlı professor-müəllim heyətinin elmi tədqiqat işlərinin yekun konfransı öz işini uğurla başa vurdu.