Dekabrın 5-i Bakı Konqres Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan və 3 mindən çox Azərbaycan könüllüsünü bir araya toplayan “Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu” baş tutub. Foruma “Regional İnkişaf” İctimai Birliyinin müxtəlif regionlar üzrə, ümumilikdə 240 nəfərə yaxın könüllüsü qatılıb.
Forum “Regional İnkişaf” İctimai Birliyinin də təmsil olunduğu sərgi ilə başlayıb. Sərgi zamanı təşkilatların fərdi stendlərində Azərbaycan könüllülərinin müxtəlif sahələrdə fəaliyyətləri və nailiyyətləri ilə bağlı məlumatlar nümayiş olunub.
Forumun rəsmi açılış mərasimində ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçılarına müraciəti səsləndirilib.
Tədbir çərçivəsində, həmçinin il ərzində fəallığı və təşəbbüskarlığı ilə fərqlənmiş könüllülər təltif edilib.