25 noyabr 2024-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının akt zalında mühüm maarifləndirici tədbir baş tutmuşdur. Filialın Tələbə Gənclər Təşkilatının və “Karyera Mərkəzi”nin təşəbbüsü və təşkilatçılığı ilə təlimçi Səddam Məhəmmədin iştirakı ilə “Gələcək Sənsən” adlı təlim keçirilmişdir.

Təlimin əsas məqsədi tələbə və gənclərin fərdi və peşəkar inkişafına töhfə vermək, onların cəmiyyətə fəal inteqrasiyasını dəstəkləmək, habelə gələcək karyera planlamasında düzgün istiqamət seçmələrinə kömək göstərmək olmuşdur. Tədbirdə müxtəlif ixtisaslarda təhsil alan tələbələr, müəllim heyəti və Karyera Mərkəzinin əməkdaşları iştirak etmişlər.

Təlim zamanı təlimçi Səddam Məhəmməd könüllülük fəaliyyətinin gənclərin dünagörüşünün formalaşmasında, sosial bacarıqlarının inkişafında və əmək bazarına hazırlıq mərhələsində nə qədər önəmli rol oynadığını ətraflı şəkildə izah etmişdir. O, iştirakçılara real həyat nümunələri üzərindən könüllü təcrübələrinin şəxsi və peşəkar uğurlara necə zəmin yaratdığını göstərmiş, auditoriya ilə interaktiv müzakirələr aparmışdır.

Bundan əlavə, təlimdə karyera planlaması, məqsədyönlü fəaliyyət, şəxsi inkişaf, zamanın düzgün idarə olunması və müasir əmək bazarının tələblərinə uyğun bacarıqların inkişaf etdirilməsi mövzularına da geniş yer ayrılmışdır. Tələbələrə bu istiqamətdə faydalı tövsiyələr verilmiş, onların sualları cavablandırılmış və praktik yanaşmalar təqdim edilmişdir.

Sonda iştirakçılar belə maarifləndirici və motivasiyaedici tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyini vurğulamış, təşkilatçılara və təlimçiyə təşəkkür etmişlər.