Şamaxı Rayon İcra Hakimiyyəti və YAP Şamaxı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirildi.
Tədbiri giriş nitqi ilə açan rayon icra hakimiyyəti başçısı Tahir Məmmədov həm Sovetlər dönəmində, həm də müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyevin ana dilimizin qorunması və inkişafına göstərdiyi qayğıdan söz açdı.
Ardınca Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının direktoru Tünzalə Yusifova çıxış edərək qeyd edib ki, XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dilinin keşiyində durmaq Heydər Əliyevin həyat fəaliyyətinə çevrilmişdi.
Daha sonra çıxış edənlər rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov, ADPU-nin Şamaxı filialının müəllimləri Rima Quliyeva, Sənubər Şükürova, Səkinəxanım Xasiyeva və Şamaxı Dövlət Regional Kollecinin müəllimi Aliyə Ələkbərova Ulu Öndərin yüksək natiqlik məharətindən, xalqın dili ilə danışmasından, onun rəhbərlik etdiyi dövrdə ədəbiyyatımızın inkişafından söz açıb, Azərbaycan dilinin dərindən araşdırılması və təkmilləşdirilməsində Heydər Əliyevin müstəsna xidmətləri olduğunu bildirdilər.
Natiqlər çıxışlarında həmçinin hazırda bu istiqamətdə aparılan dövlət siyasətindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizin əsas tərkib hissəsi olan ana dilimizin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində gördüyü işlərdən geniş söhbət açdılar.

.