ADPU-nun Şamaxı filialında İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş “Azərbaycan təhsil tarixinin şərəfli səhifəsi” mövzusunda tədbir keçirildi.
Azadlıq və müstəqilliyimiz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra İrəvan Müəllimlər Seminariyasının tarixinə həsr olunmuş videoçarx nümayiş olundu.
Sonra Tədris və elmi işlər üzrə direktor müavini Şasəddin Mikayılov tədbirin prezident İlham Əliyevin 29 dekabr 2021–ci il tarixli “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” sərəncamını rəhbər tutaraq təşkil olunduğunu bildirdi. O qeyd etdi ki, Azərbaycanın tarixi torpağı olan İrəvanda təsis edilmiş seminariyanın məzunlarının maarifçilik ideologiyasının inkişaf etdirilməsində xüsusi xidmətləri olub.
Sosial və pedaqoji elmlər kafedrasının müdiri, dosent Mayıl Alıcanov “İrəvan xanlığı tarixi Azərbaycan torpağıdır” mövzusunda məruzə ilə çıxış edərək qeyd etdi ki, xalqımıza, türk dünyasına qarşı erməni daşnaklarının həyata keçirdikləri soyqırımı siyasətinin bir məqsədi olub: işğal olunmuş türk torpaqları hesabına “böyük Ermənistan” dövləti yaratmaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mötəbər tədbirlərdə, beynəlxalq qurumların və nüfuzlu dövlətlərin rəsmiləri ilə görüşlərində dəfələrlə qeyd edib ki, İrəvan, Zəngəzur və digər ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Məruzədə İrəvanın Azərbaycan torpağı olmasını sübut edən tarixi faktlar öz əksini tapdı.
Kafedranın müəllimləri – Səməngül Abdullayeva “Azərbaycan təhsil tarixinin şərəfli səhifəsi – İrəvan seminariyası 140 il” və Zərifə Həmidova “İrəvan əhalisinin etnik tərkibi” mözsununda çıxış edərək İrəvanın müsəlman əhalisi, onların öz tarixi və dəyərlərinə sahib çıxması, burada seminariyanın yaradılması, seminariyada dərslərin təşkili, milli təhsil tariximizdə yeri və əhəmiyyəti, seminariyanın müəllimləri, məzunları haqqında məlumat verib. Bildirilib ki, cənab prezidentin sərəncamı milli yaddaşın bərpası baxımından mühüm əhəmiyyət kəsb edir, bizi tariximizi araşdırmağa yönəldir, İrəvan xanlığı ərazisində yaratdığımız tarixi irsə sahib çıxmağa səsləyir.
Tələbələr adından çıxış edən Tələbə Gənclər Təşkilatının klub sədri Narınc Cəbrayılova “İrəvanın ədəbi mühiti” başlığı ilə seminariyadan əvvəl və onun fəaliyyətdə olduğu dövrdə İrəvanda mövcud ədəbi mühit, zəngin ədəbi irsdən bəhs etdi.
Tədbir diskusiya şəraitində davam etdi.





